Cəmil Həsənli: Səməd Seyidov rüsvayçılığın içərisində olduğunu başa düşmək istəmir

Cəmil Həsənli: Səməd Seyidov rüsvayçılığın içərisində olduğunu başa düşmək istəmir

19-05-2018 10:27 / Bu xəbər 2552 dəfə oxundu

"Qərar Azərbaycan üçün böyük rüsvayçılıqdır''

Avropa Şurası Parlament Assambleyasının Prosedur Qaydaları Komitəsinin dörd deputata qarşı sanksiyaların tətbiqi qərarı gündəmin əsas müzakirə predmetidir.

Məsələ Milli Məclisin 18 may toplantısında da müzakirə olunub. Spiker Oqtay Əsədov başda olmaqla deputatlar Səməd Seyidovu müdafiə edib və AŞPA-ya etiraz bəyanatı hazırlamağı təklifləri səsləndiriblər.

Milli Şuranın sədri, professor Cəmil Həsənli Səməd Seyidov haqda qərarı onun özünün bioqrafiyasında böyük ləkə olmaqla bərabər Azərbaycan dövlətinə də ləkə adlandırıb.

Cəmil Həsənli Meydan TV-yə deyib ki, Səməd Seyidovun özü haqda qərarı ədalətsiz adlandırmasını düzgün hesab etmir:

"Qərar ədalətsiz yox, rüsvayçılıqdır. Görünür, Səməd Seyidov rüsvayçılığın içərisində olduğunu ya anlamır, ya da başa düşmək istəmir. Adamı korrupsiya ittihamına görə Avropa Şurasından qovublar və qurumun tarixində belə bir hadisə yaşanmayıb. Təəssüf ki, bu nümunə də Azərbaycanın timsalında baş verib. Səməd Seyidovun belə rüsvayçı duruma düşməsi çox faciəvi bir hadisədir. Çünki Səməd Seyidov normal təhsil görüb və alimdir, ona görə bu səviyyədə natəmiz prosesin içərisinə girmək lazım deyildi. Bu vəziyyətlə qarşılaşmaqda şərəfli bir şey yoxdur”.

Səməd Seyidovun Avropa Şurası Parlament Assambleyasındakı çıxışıyla Milli Məclisdəki açıqlaması arasında fərq var idi. Səməd Seyidov bu dəfə Azərbaycanın Avropa Şurasından çıxmayacağını bildirib.

Ritorikanın dəyişməsinin səbəbinə gəldikdə, Cəmil Həsənli hesab edir ki, Səməd Seyidovun mayın 18-də Milli Məclisdəki çıxışıyla Avropa Şurasındakı çıxışını müqayisə etmək yetərlidir:

"Avropa Şurasında o, "biz də burdan çıxarıq, bura bizim parlament idi, indi sizindir”,- deyirdi. Əvvəla, Parlament Assambleyası heç zaman bizim parlament olmayıb. Əgər Azərbaycan hakimiyyəti rüşvət hesabına bir çox deputatı alırsa, daha nə demək olar? İndi isə Avropa Şurası özündə güc tapıb Azərbaycan hakimiyyətinə yerini göstərdi və qurum faktiki olaraq real addımlara keçdi. İlk dəfə olaraq Azərbaycanın qurumdakı natəmiz əməllərinə görə 4 deputat Avropa Şurasından uzaqlaşdırıldı. Ola bilsin, Milli Məclisin YAP-çı deputatları Seyidova ürək-dirək verməklə məsələni yumşaltmaq istəyirlər. Amma faktiki olaraq, Səməd Seyidov haqda qərar Azərbaycan üçün böyük rüsvayçılıqdır. Milli Məclisdə də Avropa Şurası ilə o dildə danışmağın mənasız olduğunu başa düşürlər. Çünki vaxtilə rüşvət, kürü diplomatiyası hesabına Avropa Şurasını ələ almışdılar və qurumun ünvanına istədiklərini deyə bilirdilər. Bu gün mənzərə dəyişib, rəsmi Bakının ifşası prosesi gedir və hakimiyyət indi anlayır ki, onların Avropa strukturlarına daha çox ehtiyacı var, nəinki avropalıların. Ona görə ritorikanın yumşalması hakimiyyətin düşdüyü uğursuz, perspektivsiz gələcəyi olmayan, ölkəyə ləkə gətirən mənzərə yaratmalarından doğur”.

Cəmil Həsənlinin qənaətincə, Avropa Şurasının Azərbaycana münasibəti hələ dərinləşəcək:

"Əslində, 219 səhifəlik hesabat Azərbaycan hakimiyyətinin Avropa Şurasında törətdiyi natəmizlliyin heç 10 faizini əhatə etmir. Nümayəndə Heyəti nəinki kimisə ələ alırdı, rüşvət, hədiyyə, kürü, qadın vasitəsilə deputatların satın alması kimi rüsvayçı bir iş görüblər. Hesabatda adı keçən deputatların sorğulanması başlayır. Məsələn, Kuka Volonte ilə bağlı sorğulanma açıq müstəviyə keçir. İtaliyanın hüquq-mühafizə orqanları Volonteni tanıyanlardan ifadələr alır. Həmin ifadələri verənlər arasında azərbaycanlılar da var. Ona görə də prosesin dərinləşməsi labüddür və Azərbaycan hakimiyyətini bu istiqamətdə yeni və ağır sürprizlər gözləyir”.

Mayın 16-da AŞPA Prosedur Qaydaları Komitəsinin dörd deputata qarşı sanksiyaların tətbiqi barədə məlumat yayıb.

Siyahıya Azərbaycanın AŞPA parlament nümayəndə heyətinin sədri Səməd Seyidov, AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi, qurumun keçmiş prezidenti Pedro Aqramunt (İspaniya), Azərbaycan üzrə məruzəçi və seçki müşahidəçiləri Cezar Florin Preda (Rumınya) və Xordi Xukla (İspaniya) daxil ediliblər.

Həmin deputatlar heç bir mövzu, ölkə üzrə məruzəçi, AŞPA komitəsinin və ya sub-komitənin sədri və sədr müavini ola bilməzlər. Eyni zamanda, AŞPA-nın prezidenti vəzifəsinə namizədliklərini irəli sürə bilməzlər: Onlar Avropa Şurasını və onun komitələrini heç bir tərəf qarşısında təmsil edə bilməzlər. Bundan əlavə bu deputatların Nazirlər Komitəsinə sual vermək hüquqları əllərindən alınır.

Məhdudiyyətlər Pedro Agramunta 10 il, digər 3 nəfərə 2 il müddətində şamil olunacaq.