Cahangir Hacıyev keçmiş deputatla birlikdə məhkəmə qarşısına çıxarılacaq

Cahangir Hacıyev keçmiş deputatla birlikdə məhkəmə qarşısına çıxarılacaq

17-10-2018 11:33 / Bu xəbər 1446 dəfə oxundu

15 illik həbs cəzası çəkən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev yaxın günlərdə yenidən məhkəmə qarşısına çıxarılacaq. 

Bu dəfə o, parlamentin keçmiş deputatı Dünyamin Xəlilov və daha 18 şəxslə birlikdə mühakimə olunacaq, xəbəri "Azadlıq Radiosu" yayıb.

Uzun illər aralarında dostluq münasibətləri olan Hacıyev və Xəlilov bundan əvvəl ayrı-ayrılıqda mühakimə olunub və müvafiq olaraq 15 və 13 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırki cinayət işi ABB-nin Moskva filialının xarici kreditlərin verilməsi fəaliyyəti ilə bağlıdır. Cinayət işi üzrə ibtidai istintaqa xitam verilib. Təqsirləndirilən şəxslər və onların vəkilləri artıq iş materialları ilə tanış olublar. Amma Hacıyev hələlik materiallarla tanış olmağa davam edir.

Yeni iş üzrə Hacıyevə qarşı CM-in 179 (mənimsəmə), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

ABB-nin keçmiş sədrinin bacısı Əminə Hacıyevanın sözlərinə görə, qardaşına iş materialları ilə tanış olmaq üçün noyabrın 15-nə qədər vaxt veriblər. O qeyd edib ki, Hacıyev 360 cildlik işlə tam tanış olmaqda israrlıydı. "Amma buna imkan vermədilər. Cahangir Hacıyev deyir ki, əvvəlki işdə olduğu kimi, bu işdə də çox sayda saxtakarlıqlar var. Buna görə o, bütün işi ətraflı şəkildə oxumaq istəyir", deyə o bildirib.

Bacısının sözlərinə görə, Hacıyev vergi ödənişindən yayınma və mənimsəmə ittihamlarını cəfəng hesab edir. " Əvvəla, Moskva filialının rəhbərliyi olub. Əgər orada vergi verməsəydilər, o filialı 15 il Moskvada işləməyə qoyardılarmı? Çoxdan bağlayardılar. Yaxud da çirkli pulların yuyulması... Cahangiri həbs eləyəndən sonra ofşorları araşdırdılar ki, bunun orada nəyisə var, yoxsa yox. Heç nə tapmadılar. Sadəcə, Cahangiri qurban seçiblər, ölkədə nə qədər problem var, yıxıblar onun üstünə...", deyə Ə.Hacıyeva bildirib.

Britaniya hakimiyyətinin bankirin həyat yoldaşı Zamirə Hacıyevanın aktivlərini dondurmasına gəlincə, Cahangir Hacıyevin bacısı iddia edir ki, o, bu daşınmazı ABB-nin fəaliyyəti ilə əlaqəsi olmayan şəxsi biznesi sayəsində əldə edib.

* Böyük Britaniyanın Milli Cinayətkarlığa Qarşı Mübarizə Agentliyi (NCA) Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın aktivlərini onun univermaqda böyük vəsait xərcləməsindən və bahalı daşınmaz əmlak almasından sonra dondurub. Zamirə Hacıyevaya qarşı suallar onun Harrods univermağında 16 milyon funta yaxın vəsait xərcləməsindən və Britaniyada 20 milyon funtdan çox dəyəri olan daşınmaz əmlak almasından sonra yaranıb.