"Bu həbsin sifarişli olması şübhə yaratmır" - İntiqam Əliyev

10-01-2018 00:54 / Bu xəbər 1826 dəfə oxundu

Müsavat Partiyasının Şirvan şəhər təşkilatının həbsdə olan sədri Əlikram Xurşidova yeni ittiham verilib. 

O, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə ilə müqavimət) ilə təqsirli bilinir.

2017-ci il, noyabrın 22-də saxlanılan Ə.Xurşidova qarşı 2 gün sonra Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 maddələri ilə (xuliqanlıq) cinayət işi qaldırılıb. 

Noyabrın 24-də isə Şirvan Rayon Məhkəməsi Əlikram Xurşidovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məsələyə münasibət bildirən hüquqşünas İntiqam Əliyev ToplumTv-yə  deyib ki, hökumətin tənqidçilərinin saxta ittihamlarla həbsi geniş yayılıb:

"Konkret bu işlə tanış deyiləm, ona görə də nəsə deməyə çətinlik çəkirəm. Ümumiyyətlə, adamı bir ittihamla tutub, sonradan boynuna başqa ittihamın qoyulması praktikasına bizim hüquq-mühafizə sistemində tez-tez rast gəlinir. Bu, o halda olur ki, kiminsə təcili həbsi barədə yuxarıdan göstəriş gəlir. Şəxsən məndə, bu həbsin sifarişli olması heç bir şübhə yaratmır. Xuliqanlıq maddəsi cinayət təqibi üçün ciddi bir şey tapmayanda, əl altda olan növbətçi maddələrdəndir: Emin Milli, Adnan Hacızadə, Qənimət Zahid, Nemət Pənahlı, Seymur Həzi və Məmməd İbrahim bu maddələrlə ittiham olunub. Hamısının da məhkəməsində bu ittihamların qondarma olduğu üzə çıxıb".

Müsavat Partiyasının Divan üzvü Elman Fəttah isə deyir ki, yerli hakimiyyətin Əlikram Xurşidova qarşı təzyiqi davamlı olaraq 3 ildir: "Onun işdən çıxardılmasından tutmuş, digər yerlərdə çalışmasının qarşısının alınmasına qədər çox şey ediblər. 2015-ci il seçkilərində hətta ailəsini ona qarşı qoyublar. Toplanmış imzalardan imtinalar təşkil edilirdi. Məhz Əlikramdan qisas məqsədi ilə onun xanımından belə imzadan imtina məktubu almışdılar ki, təxribata cəlb etsinlər. Amma baş tutmadı. Uzun illərdən sonra müxtəlif bəhanələrlə, guya hansısa qız-qadın mövzularına, dava və s. məsələlərə qatmaq istədilər. İndi də yeni "hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə” ittihamı irəli sürülüb. Bu, tamamilə yalandır”.

Elman Fəttahın sözlərinə görə, Əlikram Xurşidovu polis həbs edərkən əynindəki paltarları belə normal qaydada olmayıb: "Heç bir zorakılıq hadisəsindən söhbət gedə bilməzdi. Əslində, zorakılıq hadisəsi Əlikrama qarşı baş verib. Belə bir oyun qurublar”.

Elman Fəttahın fikrincə, bu, davam edən repressiyanın növbəti mərhələsidir: "İttihamları şişirtməklə öz aləmlərində fəal insanlara gözdağı vermək istəyirlər. Yəni deyirlər, bizim münasibətimiz bu qədər ağır və kəskin olacaq”.

Hüquq müdafiəçisi Əsabəli Mustafa da deyir ki, hər şey hakimiyyətin əlindədir, hansı maddəni istəyir, onu da verir:

"Müdafiə tərəfi zəif tərəfdir, çünki nə istintaq, nə də məhkəmə onun şikayətinə baxır. Çox təəssüf ki, ölkədə müstəqil məhkəmə yoxdur. Ona görə də bu, gözlənilən idi. Əlikram Xurşidovun vəkili Nemət Kərimlidir. O, yaxşı və prinsipial vəkildir. Bu məsələ ilə bağlı da öz mübarizəsini aparacaq, ittihamların saxta olduğunu sübut edəcək”.