Birinci dünya müharibəsi – 100

Birinci dünya müharibəsi – 100

12-11-2018 00:42 / Bu xəbər 2202 dəfə oxundu

Yadigar Sadıqlı 

Noyabrın 11-də Birinci dünya müharibəsinin bitməsindən 100 il ötür. Məhz bu tarixdə "Mərkəz dövlətləri" adlanan ittifaqın son nümayəndəsi - Almaniya Kompyen meşəsində atəşkəs müqaviləsinə imza ataraq təslim oldu. Bununla da bütün hərbi əməliyyatlar dayandırıldı.

Dörd il davam edən və otuzdan artıq dövlətin iştirak etdiyi böyük müharibənin təfsilatlarını, hərbi əməliyyatların gedişini bir məqalədə əhatə etmək əlbəttə ki, mümkün deyil. Zatən qarşımıza belə bir məqsəd də qoymamışıq.

Sadəcə bəzi ümumi məlumatlar vermək və oxucuların diqqətini sözügedən müharibənin müəyyən dəhşətlərinə yönəltmək istərdik.

***
Müharibə öncəsində Avropada iki hərbi-siyasi ittifaq formalaşmışdı. Bunlardan biri Almaniya, Avstriya-Macarıstan və İtaliyanın daxil olduğu "Üçlər ittifaqı" idi. Alyansın əsası 1879-cu ildə Almaniya və Avstriya-Macarıstanın bağladığı hərbi ittifaqla qoyuldu. Üç il sonra isə İtaliyanın da iştirakı ilə 3 dövlətin hərbi ittifaqı yarandı.
Antanta adlanan ikinci hərbi ittifaq birinciyə cavab olaraq meydana gəldi. 1891-93-cü illərdə Rusiya və Fransa arasında imzalanan sənədlərlə iki dövlətin ittifaqı bağlandı. 1904-cü ilə ingilis-fransız, 1907-ci ildə ingilis-rus sazişləri ilə alyans tam formalaşdı.

İki ittifaq arasında irili-zırdalı xeyli ziddiyyətlər var idi. Buraya son Fransa-Prussiya müharibəsində məğlub olan fransızların revanş istəklərindən və Şərqi Avropanın slavyan xalqlarının müstəqillik arzularından tutmuş Balkanlarda, Yaxın və Uzaq Şərqdə maraqlar toqquşması, Afrikada müstəmləkələr əldə etmək (və ya mövcud müstəmləkələri qorumaq) cəhdləri və bir çox digər səbəb daxil idi.

Dövrün ABŞ prezidenti Vudro Vilson sonralar yazırdı: "Hamı müharibənin başlanması səbəbini axtarır və heç nə tapmır. Onların axtarışları əbəsdir, həmin səbəbi tapmayacaqlar. Müharibə hansısa bir səbəbdən başlamadı. O, bir yerdə bütün səbəblərə görə başladı".

Lakin bir şeyi dəqiq söyləmək olar ki, nə ayrıca götürülən hansısa ciddi səbəb, nə də bütün səbəblərin məcmusu baş verəcək qırğına dəyməzdi. Heç iştirakçı dövlətlər belə bu qədər ağır müharibə aparacaqlarını gözləmirdilər. Hər iki ittifaq bir neçə ay ərzində qalib gələcəyinə ümid bəsləyirdi.

***

1908-ci il gənc türklər inqilabından sonra Türkiyədə baş verən sarsıntılardan istifadə edən Avstriya-Macarıstan Osmanlı dövlətinin muxtar ərazisi sayılan Bosniya və Herseqovinanı ilhaq etdi. Bu hadisə ciddi beynəlxalq böhrana səbəb oldu.

Lakin Balkan slayvanlarına nəzarət uğrunda Avstriya-Macarıstanla rəqabət aparan Rusiya həmin dövrdə Yaponiya ilə uğursuz müharibədən və Birinci rus inqilabından sonra xeyli zəiflədiyindən konfrontasiyadan çəkindi. Üstəlik, Bosniyanın ilhaqına ciddi etiraz edən Serbiyaya təzyiq edərək sakitləşdirdi.

1914-cü il iyunun 28-də Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans-Ferdinand və arvadı Sofiya imperiyanın yeni əraziləri ilə tanış olmaq üçün Bosniyanın mərkəz şəhəri sayılan Sarayevoya gəldilər. Burada onlar Bonsiyanın Böyük Serbiyaya biləşdirilməsi uğrunda mübarizə aparan "Mlada Bosna" təşkilatının üzvü Qavrilo Prinsipin açdığı atəş nəticəsində öldürüldülər.

Avstriya -Macarıstan bu cinayətdə Serbiyanı günahlandırdı və bir ay çəkən yazışmalardan, ultimatumlardan sonra iyulun 28-də ona müharibə elan etdi. Cavab olaraq Rusiya ümumi səfərbərlik etdi və bu da avqustun 1-də Almaniyanın ona müharibə elan etməsi üçün bəhanə oldu. Daha sonra almanlar avqustun 3-də Fransaya, 4-də isə Belçikaya da müharibə elan etdi.

Avqust ayında dabladal baş verən müharibə elanlarından sonra bir tərəfdə Almaniya və Avstriya-Macarıstan, digər tərəfdə isə Böyük Britaniya, Fransa, Rusiya, Serbiya, Çernoqoriya, Belçika və Yaponiya savaşa qoşuldular. Oktyabrda Osmanlı imperiyasının, düz bir il sonra isə Bolqarıstanın müharibəyə qoşulması sayəsində "Mərkəz dövlətləri" adlanan ittifaq tam formalaşdı - Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan.

İtaliya isə "Üçlər ittifaqı"nın çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Əksinə, 1915-ci ilin mayında əks tərəfdə savaşa qoşuldu. Ümumiyyətlə, Antanta dövlətlərinin liderlik etdiyi ittifaqa dörd il ərzində xeyli dövlət qoşuldu, lakin onların əksəriyyəti hərbi əməliyyatların gedişində önəmli rol oynamadılar. Bu cəhətdən əsas önəmli hadisələr 1917-ci ildə ABŞ-ın müharibəyə qoşulması və 1918-ci ilin martında Rusiyanın Mərkəz dövlətləri ilə separat sülh bağlayaraq müharibədən çıxması oldu.

Almaniya iki cəbhədə (şərqdə Rusiyaya, qərbdə isə Fransa və Böyük Britaniyaya qarşı) müharibənin bütün əlverişsizliyini gözəl anlayırdı. Buna görə də 1905-ci ildə hazırlanan Şliffen planına görə, Fransa 42 gün ərzində məğlub edilməli idi. Almanlar hesab edirdilər ki, nəqliyyat infrastrukturu ürəkaçan olmayan Rusiya bu müddət ərzində səfərbərliyi bitirib hərbi əməliyyatlara başlaya bilməyəcək, deməli, onlar da iki cəbhədə müharibə aparmayacaqdılar.

Lakin Şliffen planı çoxlu müxtəlif səbəblərdən - ən əsas səbəblər belçikalıların və fransızların ciddi müqaviməti, Rusiyanın isə artıq avqustun 17-də hücum əməliyyatlarına başlaması idi - həyata keçmədi. Ümid edilən qısamüddətli müharibə baş tutmadı. Uğursuz daha bir neçə cəhddən sonra ("Dənizə qaçış", Flandriya döyüşü) 1914-cü ilin sonlarında Qərb cəbhəsi sabitləşdi və üzücü mövqe döyüşləri başladı.

***

Birinci dünya müharibəsi barədə oxuyarkən, ilk növbədə, diqqət çəkən məqam heç bir nəticəsi olmayan, yaxud da çox cüzi nəticələri olan əməliyyatlar zamanı onminlərlə insanın həyatını itirməsidir. Baltik dənizindən Qara dənizə qədər nəhəng ərazini əhatə edən Şərq cəbhəsindən fərqli olaraq cəmi 480 km uzunluğu olan Qərb cəbhəsində bu hala xüsusən tez-tez rast gəlinirdi.

Üz-üzə duran alman və ingilis-fransız qüvvələri mövqe döyüşləri üçün ənənəvi hazırlıqlar gördülər. Səngərlər qazıldı, istehkamlar yaradıldı, artilleriya yerləşdirildi. Qarşı tərəfin hücumlarının qarşısını almaq üçün tikanlı məftillərdən, minalı sahələrdən, pulemyotlu atəş nöqtələrindən ibarət müdafiə sədləri yaradıldı.

Ümumiyyətlə, Birinci dünya müharibəsi hücum və müdafiə arasındakı balansın pozulduğu zamana təsadüf edirdi: müdafiə texnikasının hücum arsenalından qat-qat üstün olması ortaya çıxdı. Buna görə də hər bir hücum cəhdi çox böyük qurbanlardan sonra ya nəticəsiz qalırdı, ya da cüzi nəticələrə nail olunurdu.

Buna görə də 1914-cü ilin sonlarından 1918-ci ilin yayına kimi kiçik istisnaları nəzərə almasaq, Remarkın məşhur əsərinin adındakı kimi, Qərb cəbhəsində yenilik olmadı. Hərçənd yeniliyin olmaması sakitlik anlamı vermirdi. Milyonlarla adamın iştirak etdiyi çox böyük əməliyyatlar hazırlanırdı, yüzminlərlə qurban verilirdi, lakin hər dəfə müdafiə hücumdan üstün olurdu.

Hətta kimyəvi silahdan istifadə belə yalnız ilk dəfə, İkinci İpr döyüşündə tətbiq edilərkən (22 aprel 1915) müəyyən effekt verdi, sonrakı dövrlərdə isə əks-tədbirlər nəticəsində təsirsiz oldu. Tərəflər, xüsusən də müttəfiqlər (yəni ingilis və fransızlar) müdafiə istehkamlarını dağıtmaq üçün güclü artilleriya atəşindən istifadə edirdilər.

Məsələn, 1915-ci il mayın 9-da İkinci Artua döyüşü çərçivəsində hücuma keçməzdən öncəki 6 gün ərzində müttəfiqlər alman istehkamlarına 2,1 milyon ədəd mərmi atdılar. Müdafiənin ilk mövqeyi demək olar ki, yerlə bir edildi. Lakin Qərb cəbhəsində tərəflərin müdafiəsi 2-3 mövqedən ibarət olurdu. Hər mövqedə də bir neçə (adətən 3) səngər xətti qazılırdı. Bütün cəhdlərə baxmayaraq, almanların ikinci müdafiə mövqelərini keçmək mümkün olmadı.

Həmin il sentyabrın 25-də başlayan Üçüncü Artua döyüşündə isə alman mövqelərinə 5 milyona qədər artilleriya mərmisi atıldı. Lakin hücum yenə də uğursuz oldu.

Birinci dünya müharibəsində xüsusən pulemyotlar böyük rol oynayırdılar. Tikanlı məftillərdən ibarət maneələr hücuma keçən əsgərlərin hərəkətini lənğidir, bundan istifadə edən qarşı tərəf pulemyot atəşi ilə onları qırırdı.
1916-cı ildə Almaniya Fransanı məğlub edərək döyüşdən çıxarmaq üçün 10 ay (fevral-dekabr) ərzində Verden şəhəri ətrafında inadlı döyüşlər apardı. Həm də "Verden sallaqxanası" kimi xatırlanan döyüşdə hər iki tərəf ümumilikdə 700 mindən çox itki verdi, lakin sonda əvvəlki mövqelərinə qayıtdılar.

Qərb cəbhəsini pat vəziyyətindən çıxarmaq, hücum arsenalını qüvvətləndirmək üçün hansısa yeniliyə ehtiyac vardı. Belə bir yenilik tank oldu. O, ilk dəfə 1916-cı il kampaniyasının başqa bir döyüşündə - müttəfiqlərin Somma çayı yaxınlığında hücum əməliyyatı zamanı sentyabrın 15-də tətbiq edildi.

18 tank ingilislərə 5 saat ərzində 5 km irəliləmək imkanı verdi. Bu, Qərb cəbhəsindəki mövqe döyüşlərində inanılmaz nailiyyət idi. Ümumilikdə isə Somma savaşında müttəfiqlər 10 km irəlilədilər. Belə nadir uğur ingilis və fransızlara təkcə ölü olaraq 146 mindən artıq itki hesabına başa gəldi. Ümumiyyətlə, Sommada hər iki tərəfin ölü, yaralı, itkin və əsir olaraq itkilərinin ümumi sayı 1 milyon nəfəri keçdi.

Müqayisə üçün göstərək ki, həmin vaxtda Şərq cəbhəsində həyata keçirilən Brusilov hücumu nəticəsində ruslar cəbhənin müxtəlif yerlərində 80 km-dən 120 km-ə qədər irəli getmişdilər və bu zaman ölənlərin sayı Sommadakından xeyli az, 62 min olmuşdu. Çünki Şərq cəbhəsinin nəhəng uzunluğu burada Qərb cəbhəsindəki kimi möhkəmləndirilmiş müdafiə istehkamları yaratmağa imkan vermirdi.

Tanklar kəskin tələbatdan doğan yenilik olsa da, onun optimal tətbiqini mənimsəməyə, müvafiq taktikanı hazırlamağa vaxt lazım idi. 1917-ci aprel-may aylarında ingilis-fransızların Nivel hücumu ("Nivel qırğını" da deyilir) zamanı tanklardan bacarıqsız istifadə bunu sübut edir. Fransızların döyüşə atdığı 128 Şneyder tankından yalnız 10-u döyüş meydanından qayıda bildi.

Tankların ilk tətbiqindən təxminən iki il keçəndən sonra, 1918-ci ilin yayında ingilis-fransız və artıq savaşa qoşulan amerikanların "Yüzgünlük hücum"unun başlanğıcı müttəfiqlərin tank döyüşünün qaydalarını artıq mənimsədiklərini göstərdi. Yüzgünlük hücum avqustun 8-də başladı və noyabrın 11-də Almaniya məğlub olana qədər davam etdi.
Hücumun ilk günü müttəfiqlər 415 tankın iştirakı almanların iki müdafiə mövqelərini keçdilər və yalnız üçüncü qarşısnda dayandılar. Onlar gün ərzində 11 km irəliləməyə nail oldular. General Lüdendorf buna görə 8 avqustu "müharibə ərzində alman ordusunun ən qara günü" adlandırdı.

Qərb cəbhəsində pat vəziyyətinin dəyişməsində və Almaniyanın məğlubiyyətində tanklar çox böyük rol oynadılar. Başqa bir önəmli amil "əlahəzrət iqtisadiyyat" oldu. Dörd illik müharibə alman iqtisadiyyatının bütün gücünü tükəndirdi. O, Qərbin 3 böyük dövlətinin iqtisadiyyatı ilə nə silah-sursat istehsalı, nə də ordunun yemək və geyim təminatı sahəsində rəqabət aparmaq gücündə deyildi. Nəticədə, Almaniya təslim oldu.

Qərb cəbhəsində əsasən mövqe döyüşlərindən ibarət hərbi əməliyyatlarda müttəfiqlər təkcə ölü olaraq 2 milyona yaxın itki verdilər. Bunlardan 1,265 milyon fransız, 512,5 min ingilis, 116,7 min amerikalı, 40 min belçikalı, 1,7 min portuqaliyalı idi. Almanlarda isə 1 214 000 nəfər döyüş meydanında, yaxud da aldığı yaralardan xəstəxanalarda öldü, 968 min isə əsir və ya itkin düşdü.

***

Mövqe müharibəsinin ən bariz nümunələrindən biri də Çanaqqala döyüşüdür. 1915-ci ilin fevralında ingilis və fransızlar Osmanlı dövlətini məğlub edərək savaşdan çıxarmaq üçün "Dardanel əməliyyatı"na başladılar. Öncə yalnız hərbi donanmanın iştirakı ilə keçirilən əməliyyat uğursuz oldu. Belə olduqda Gelibolu yarımadasına desant çıxarmaq qərara alındı.

Osmanlı imperiyasının 2 əsrdən çox davam edən çöküşü və ardıcıl hərbi məğlubiyyətləri üzündən müttəfiqlər türk əsgəri barədə yüksək fikirdə deyildilər. Onlar hesab edirdilər ki, əsas problem quruya desant çıxarıb möhkəmlənməkdir, bundan sonra türklər silahı atıb qaçacaqlar. Lakin belə olmadı və burada da 8 ay sürən mövqe döyüşləri getdi.

Uzunluğu 90 km, ən enli yeri isə 20 km olan Gelibolu yarımadasına hər iki tərəf dalbadal hərbi qüvvələr göndərirdi. Kiçik bir ərazidə eyni zamanda olan hərbçilərin sayı bəzən 800 mini keçirdi. Bütün cəhdlərinə baxmayaraq, müttəfiqlər türkləri məğlub edib İstanbulu tuta bilmədilər və dekabrda yarımadanı tərk etdilər. Müttəfiq itkilərinin ümumi sayı 302 min, osmanlılarda isə 250 min idi.

2005-ci ildə rejissor Tolqa Örnək "Gelibolu" adlı sənədli film çəkdi. Bu filmdə Çanaqqala döyüşünün iştirakçılarının gündəlikləri və məktubları, eləcə də tarixçilərin köməyi ilə mövqe müharibəsinin dəhşətləri bütün çılpaqlığı ilə təsvir olunurdu.

Minlərlə dəfn olunmayan və çürüyən cəsədlərdən qalxan dözülməz iy, antisanitariya şəraitində meydana çıxan saysız-hesabsız milçəklər və bit-birələr əsgərlərə düşmən gülləsindən az əzab vermirdi. Cəsədləri dəfn etmək üçün qüvvə və ərazi çatmadığından onların bir qismi benzin tökülüb yandırılırdı. Əsgərlərdən biri yazdığı məktubda xörək yeyərkən qaşığa onlarla milçəyin qonmasını, onları qova bilmədiklərini təsvir edirdi.

Bu kiçik ərazidə yüzminlərlə insanın təbii ehtiyacını ödəmələri, ödəyəndən sonra isə gigiyena qaydalarına əməl etmələri üçün minimum şərait yox idi. Nəticədə, dizenteriya, sarılıq, yatalaq kimi xəstəliklər yayılırdı. ANZAK (Avstraliya və Yeni Zellandiya) əsgərlərinin 80%-nin dizenteriyadan əziyyət çəkdiyi qeyd olunur.

Qərb cəbhəsindəki mövqe döyüşləri barədə "Gelibolu" kimi sanballı sənədli filmə rast gəlməmişəm. Lakin gəlib çatan məlumatlar vəziyyətin Çanaqqala döyüşündən fərqlənmədiyini göstərir. Burada da milyonlarla insan aylarla, illərlə gah palçığın içində, gah da dözülməz istidə antisanitariya şəraitindən əziyyət çəkirdi.

Müharibəyə qəhrəmanlıq və cəngavərlik arzuları ilə gələn, xarüqələr göstərərək şöhrət qazanmaq istəyən milyonlarla gənc bunun əvəzində illərlə səngərlərdə qalır, düşməndən daha çox bit-birə, xəstəliklərlə uğraşırdı (təbii, əgər daha tez həlak olmurdularsa).

Onlar müharibəyə yollanarkən qarşı tərəfin səngərinə qorxu bilmədən hücum edərək düşməni süngü ilə öldürəcəklərini xəyal edirdilər. Əvəzində xörək yeyərkən qaşıqlarına qonan milçəkləri qova bilmirdilər.
Xəyalında at belində sürətlə düşmən mövqeləri üzərinə hücuma keçəcəyini təsəvvür edən dəliqanlılar gerçəklikdə düşmən tərəfə palçığın içi ilə sürünür, tikanlı məftillərdən ibarət maneələri kəsməyə çalışır, bu zaman da pulemyot atəşi ilə öldürülürdülər.

Hərçənd, ölüm bir az da qeyri-romantik ola bilərdi. Bir düşmən gülləsi dəymədən, antisanitariya şəraitində müxtəlif xəstəliklərdən ölmək olardı. Dizenteriyaya tutulub gündə 15-20 dəfə tualetə (yaxud da tualet əvəzinə olan nə varsa) gedərək ölmək də mümkün idi.

Zatən belə ölümlər az olmurdu. Birinci dünya müharibəsi, xüsusən də mövqe savaşı müharibə romantikası barədə bütün təsəvvürləri alt-üst etdi. Yüzminlərlə insan heç bir qəhrəmanlıq göstərməyə macal tapmayaraq xəstəliklərdən, fasiləsiz şəkildə həşaratlarla əlləşməkdən tükənərək öldü. Lakin bu, hələ hamısı deyildi.
Müharibənin son aylarında əsgərlər arasında "ispan qripi" adını alacaq olduqca ölümcül xəstəlik yayılmağa başladı. Hərbin bitməsindən sonra orduların öz ölkələrinə qayıtması sayəsində xəstəlik bütün dünyaya yayıldı. O zamankı dünya əhalisinin 30%-ə qədərinin bu xəstəliyə tutulduğu, ölənlərin isə 50-100 milyon arasında olduğu ehtimal edilir.

Xəstəliklər adətən immun sitemi zəif olan uşaq və qocalara letal təsir etdiyi halda, ispan qripinin özəlliyi daha çox gənc insanları öldürməsi idi. Birinci dünya müharibəsi azmış kimi, epidemiya da gənclərə qənim kəsilmişdi.
Sonrakı araşdırmalar nəticəsində mütəxəssislərin gəldiyi qənaətə görə, ispan qripinin bu qədər qurban toplaması müharibə dövrünün antisanitariya, pis qidalanma və digər fəsadları nəticəsində mümkün olmuşdu.

***

Birinci dünya müharibəsində, ümumiyyətlə, 10 milyon civarında hərbçinin öldüyü təxmin edilir. Bu, müharibənin davam etdiyi hər dəqiqədə 4 əsgərin ölməsi deməkdir. Müxtəlif səbəblərdən ən azı 7 milyon dinc sakinin də ölməsi ilə ümumi insan itkiləri 17 milyona çatır. Ən azı 50 milyon da ispan qripinin qurbanı oldu.

Dünya müharibəsi ciddi siyasi dəyişikliklərə səbəb oldu. Dörd imperiya - Osmanlı, Avstriya-Macarıstan, Rusiya və Almaniya süqut etdi, ərazilərində yeni dövlətlər yarandı. Müharibəyə qədər cəmi 26 müstəqil dövlətin olduğu Avropanın müasir siyasi xəritəsinin əsası məhz bu zaman qoyuldu.

Müharibə zamanı bilavasitə hərbi xərclərin 200 milyard dollar həndəvərində olduğu söylənilir. Bu isə dolların indiki kursuna çevirəndə 12 trilyon dollara yaxın edir. Dağıntılar və digər zərərlərlə birlikdə müharibənin bəşəriyyətə ən azı 360 milyard dollara başa gəldiyi ehtimal olunur. Bu da çağdaş kursla 21,5 trilyon dollardan çox edir.

Lakin istər canlı qüvvə, istərsə də maddi baxımdan bu qədər ağır başa gələn müharibə ziddiyyətləri həll etmədi. Fransa marşalı, müharibənin son aylarında Qərb cəhbəsində müttəfiq qüvvələrinin Baş komandanı olan Ferdinand Foş1919-cu ilin iyunun 28-də Almaniya ilə bağlanan Versal müqaviləsinin şərtləri ilə tanış olduqda "Bu sülh deyil, 20 illik müddətə bağlanan atəşkəsdir" söylədi. Doğrudan da, düz 20 il sonra İkinci dünya müharibəsi başladı.

Azərbaycanda Birinci dünya müharibəsinə maraq ənənəvi şəkildə zəif olub. Bu, yəqin ki, uzun müddət SSRİ-nin tərkibində olmağımızla bağlıdır. Rəsmi sovet ideologiyası Birinci dünya müharibəsini imperialist müharibə kimi qiymətləndirir, onun qurbanlarına və qəhrəmanlarına qoyulan abidələri uçurudu. SSRİ-yə daxil olan respublikarın tarix elmi də eyni münasibət sərgiləməli olurdu.

Halbuki bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikası da Birinci dünya müharibəsinin sarsıntıları nəticəsində yarandı. Bir çox ədəbiyyatda Osmanlı və Azərbaycan hərbçilərindən ibarət Qafqaz İslam Ordusunun Bakı uğrunda apardığı döyüşlər Birinci dünya müharibəsinin tərkibində göstərilir.

Meydan.Tv