''Bir ailədən iki nəfəri işdən çıxarmaq allahsızlıqdır''

''Bir ailədən iki nəfəri işdən çıxarmaq allahsızlıqdır''

22-05-2018 15:24 / Bu xəbər 2147 dəfə oxundu

"Bəlkə prezidentimiz mənim bu müsahibəmi görə, bir çarə tapa...''

"Bu dövrdə də adam işdən çıxar? Özü də külfət yiyəsi. 9 nəfərlik ailəyə tək baxıram. Bircə işim var idi, o da əlimdən çıxdı”.

Ucar rayonu, Mirzağa Əliyev küçəsinin sakini Məlahət Məmmədova belə deyir. O, 25 il Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsində elektirik mexaniki vəzifəsində çalışıb. Deyir, Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsinin rəisi Abbas Hüseynov fevralda heç bir əsas göstərmədən onu işindən azad edib:

"Dedilər, guya mənim ştatım ləğv edilib. Halbuki, əminəm, belə bir şey olmayıb. Rəis bunu qərəzli edib. Çünki mən işlədiyim müddətdə Abbas Hüseynovun qanunsuz əməllərinə göz yummamışam. Bir neçə dəfə onun barəsində şikayət də etmişəm. O da bu yolla məndən qisas alır”.

"Rəis əvvəlcə qızımı, sonra isə məni işdən çıxardı"

Məlahət Məmmədova deyir ki, hazırda Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsində adı işdə gedən, özü idarənin qapısını bircə dəfə də açmayan insanlar var:

"Onların maaş kartları rəis Abbas Hüseynovun cibindədir. O, bu adamların maaşını özü götürür. Həmin kartlardan pul çıxaranın kimliyini bilmək üçün bankomatdan foto-robotun çəkdiyi fotoları araşdırmaq olar. Məndə həmin "işçilərin” konkret siyahısı da var. Yoxlama aparılarsa, təqdim edə bilərəm. Bütün bunları bilməyim kifayət etdi ki, Abbas Hüseynov mənə düşmən kəsilsin. Əvvəlcə qızım Rəna Məmmədovanı işdən çıxardı, sonra da məni. İndi də oğlumu hədələyir ki, anana de, az şikayət etsin məndən”.

"Bu, cinayət əməlidir"

Şikayətçi bildirir ki, qızı işdən öz istəyi ilə çıxmayıb, ancaq o cür rəsmiləşdirilib:

"Qızımın yerinə ərizəni Abbas Hüseynovun katibəsi yazıb, imzalayıb. Qızım Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsində telefonçu idi. 2015-ci ilin Yay Olimpiya Oyunları dövründə büdcədən maliyyələşən idarə və təşkilatlara yuxarıdan ixtisara getmələri ilə bağlı əmr gəlib. Yarış keçirmək üçün dövlətə pul lazımdır axı. Bu pulu işdən çıxan insanların maaşı hesabına ödədilər. Üstəlik, işdən çıxarılan insanların heç birinə bir qəpik olsun kompensasiya vermədilər. Qızım ərizə yazmaqdan imtina edəndə isə onun yerinə işdən çıxma ərizəsi yazdılar, hələ bir qol da çəkdilər. Həmin ərizə obyektiv araşdırılarsa, bu, tam subut oluna bilər. Çünki xətt və imza qızım Rənaya aid deyil. Bu, cinayət əməlidir ki, rəis Abbas Hüseynov törədib”.

"3 aydır ki, kommunal borclar qalaqlanıb"

M.Məmmədova deyir ki, yoldaşı illər öncə ölüb. Övladlarını tək böyüdüb. İndi də qızı və onun iki uşağına baxır. Deyir, arada oğlunun ailəsinə də əl atır:

"Oğlum da bizim idarənin işçisidir. Maaşı çox azdır – təxminən 280 manat. Kredit borcu, 2 övladı var. Nə edim, anayam də, kömək edirdim. Qızım da ki, heç nə, boşanıb, 2 uşağı ilə mənim yanımda yaşayır. İnanın, onsuz da yarıac, yarıtox yaşayırdıq. Mağazalardan nisyə ərzaq alır, ay sonu ödəyirdik. İşıq, qaz, supulunu güclə çatdırırdıq. Belə yüksək maaş da almırdım. Heç 250 manata çatmırdı, amma bizi birtəhər ödəyirdi. İndi fevraldan bəri o da yoxdur. 3 aydır kommunal borclar qalaqlanıb. Yalvarıram ki, işığımızı, qazımızı kəsməsinlər. İnanın, hər yerdən gümanımız kəsilib”.

"Bəlkə, prezidentimiz mənim bu müsahibəmi görə, bir çarə tapa"

Məlahət Məmmədova deyir ki, başına gələnlərlə bağlı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun qəbuluna da gedib. Ancaq onunla görüşə bilməyib:

"Deyirlər, çox gözəl insandır. Mən də getdim ki, dərdimi deyəm, eşidə. Ancaq məni onun qəbuluna buraxmadılar. Yalnız orada çalışan katibələrlə danışa bildim. Birinci vitse- prezident Mehriban Əliyevanın da qəbuluna düşə bilmədim. Bilmirəm, dərdimi kimə deyəm. Son çarəni mətbuata danışmaqda gördüm. Bir ailədən iki nəfəri işdən çıxarmaq sadəcə allahsızlıqdır. Deyirəm, bəlkə prezidentimiz mənim bu müsahibəmi görə, bir çarə tapa...”.

"Məlahət xanımın gördüyü bir iş yox idi"

Meydan TV məsələyə münasibət öyrənmək üçün Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsinin rəisi Abbas Hüseynovla əlaqə saxlayıb. O, Məlahət Məmmədovanın işdən çıxarılmasının şəxsi məsələ olmadığını, onun çalışdığı ştatın ixtisara düşdüyünü söyləyib:

"Təkcə, Məlahət Məmmədova deyil, əlavə 4 nəfər də ixtisara düşüb. Onlar digər bölgə stansiyalarının işçiləridir. Bundan əlavə, Məlahət xanımın gördüyü bir iş yox idi. Həm də təqaüd yaşındaydı, ixtisar edilməsi yerinə düşdü. O, fevraldan işdən ayrılıb, ona ixtisarla bağlı kompensasiya da ödənib”.

"O qadın sadəcə şər-böhtan danışır"

A.Hüseynov Məlahət Məmmədovanın dediyi, adlarına əmək haqqı yazılıb, işə gəlməyən işçilərlə bağlı məsələyə də münasibət bildirib. 

O, "belə haldan söhbət gedə bilməz, Məlahət Məmmədovanın uydurmasıdır”, - dedi: "Siz üçüncü jurnalistsiz mənə bu sualı verirsiz. Onun dediyi siyahıda olan insanların heç biri bizim idarədə çalışmır. Həmin qadın sadəcə məni şantaj edir. Yazmadığı, şikayət etmədiyi yer qalmayıb. Ancaq dediklərinin heç biri təsdiqini tapmayıb. Xanımın qızının işdən çıxmasına gəlincə, o, öz ərizəsi ilə işdən ayrılıb. Üstəlik, heç həmin vaxtı işə adam götürüb, işdən adam çıxarmaq səlahiyyəti də məndə deyildi. Yenə deyirəm, o qadın sadəcə şər-böhtan danışır”.