"Bıçaq sümüyə dirənib"

25-01-2017 02:01 / Bu xəbər 2138 dəfə oxundu

Son bir ildə qida məhsullarının istehsalçı qiymətləri, orta hesabla, 31,6 faiz, içkilərin qiyməti isə 27,5 faiz bahalaşıb. 

Məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb. İnflyasiyanın səbəbi kimi manatın dollara nisbətdə ucuzlaşması kimi göstərilsə də, son zamanlar əhalinin sosial durumunun çətinləşdiyi aydındır və 2017-ci ildə bu durumun daha da pisləşəcəyini iqtidar nümayəndələri də bildirirlər. Bəs mövcud vəziyyət ölkədəki siyasi durğunluğa təsir edə bilərmi? 

Mehman Əliyev: "Vətəndaşlar öz hüquqlarını müdafiə eləməyə hazır deyillər”
Картинки по запросу Mehman Əliyev
"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Toplum TV-yə vəziyyəti şərh edərkən bildirib ki, ölkədə etirazların olmaması vətəndaşların indiki vəziyyətlə hələ də razılaşmalarının göstəricisidir: "Reallıq belədir ki, vətəndaşlar gileylənirlər, narazıdırlar, amma öz hüquqlarını müdafiə eləməyə hazır deyillər. Hər kəs sosial durumun çətinləşdiyini hiss edir. Hökumət qanuna görə devalvasiyaya uyğun indeksləşmə aparmalı idi. Pensiyaların sığorta hissəsi artırılıb, ancaq baza hissəsi artırılmalı idi. Bunu edə bilmirlər, çünki vəsait yoxdur. Qadınlar üçün pensiya həddi 65 yaşa qaldırılıb, çünki pensiya ilə əhalini təmin edə bilmirlər, eyni zamanda iş yerləri yoxdur, cavanlar işsizdir. Ümumən demək olar ki, vəziyyət heç də yaxşı deyil. Hökumət öz öhdəliklərini vətəndaşlar qarşısında yerinə yetirə bilmir. Ancaq əgər vətəndaşlar etiraz etmirlərsə, deməli, hələ ki dözə bilirlər. Haçan bu xətt keçiriləcək, bu artıq başqa məsələdir”. 

Rəhman Bədəlov: "Xalq özü başa düşsə...”
Картинки по запросу Rəhman Bədəlov
Professor Rəhman Bədəlov isə sosial durumu  şərh edərkən bildirib ki, xalq özü öz vəziyyətini anlamasa, heç nə dəyişməyəcək: "Qiymətlərin artımı iqtisadi məsələdir. Problem bundadır ki, biz xalq olaraq yaxşı işləyə bilmirik, çünki sistem yaxşı qurulmayıb. Biz dəyişməliyik. Etirazların, üsyanların da xeyri olmayacaq. İqtisadi məsələlərdə, yeni qanunların qəbulunda ekspertlər iştirak etməlidirlər, xalqın maraqlarını qorumalıdırlar. Avropa oyunları, Formula 1 keçirildi, buna o qədər pul xərcləndi, etirazlar olmadı. Çox təəssüf ki, belə yaşamağa məcburuq. Dövlət ictimai sazişdir, qanun da işləməlidir, etirazlar da olmalıdır. Xalq bütün bunları anlamalıdır. Bunları xalq başa düşəndə, nələrsə dəyişə bilər”.

Rəşadət Axundov: "Dəhşətli hadisələrin baş verməsi qaçılmaz olacaq”

NİDA Vətəndaş Hərəkatının həmtəsisçisi, keçmiş siyasi məhbus Rəşadət Axundov Toplum Tv-yə ölkədə hazırki sosial durumu şərh edərkən bunları deyib: "Azərbaycanda illərdir hakimiyyət tərəfindən elə bir sistem qurulub ki, maaşlar və pensiyalar aşağı olub. Amma qeyri-leqal zəncirlə cəmiyyətin müxtəlif təbəqələri bir-birini  hansı yollasa təmin edib dolandıra biliblər.  Hamının bir-biri qarşısında başıaşağı, gözükölgəli olmasını təmin ediblər. Bu sistem iflas həddinə yaxınlaşsa da, hələ tam sıradan çıxmayıb. İnsanlar son ehtiyatlarını da yeyib bitirməkdədirlər”. 
Картинки по запросу Rəşadət Axundov
Vətəndaşların qeyri-müəyyənlik içində olduqlarını qeyd edən fəal bildirib ki, onlar vəziyyətin düzələcəyinə ümid edirlər və riskə getmək istəmirlər: "Çünki bundan əvvəl spontan sosial aksiyaların qəddarlıqla yatırılması da qorxu mühiti yaradır. Həmçinin xalq hələ bu spontan aksiyaları uğurla sonlandıracaq mütəşəkkil qüvvələr görmədiyi üçün müvəqqəti susqunluq nümayiş etdirir. Ancaq el məsəli ilə desəm, "bıçaq sümüyə durənib", heç bir çıxış yolu qalmadığını görəndə, dəhşətli hadisələrin baş verməsi qaçılmaz olacaq”.

Qeyd edək ki, son zamanlar kommunal vergilərin qaldırılması, manatın dollara nisbətdə zəifləməsi, ərzaq qiymətlərinin getdikcə daha da bahalaşması əhalinin sosial vəziyyətinin ağırlaşması ilə nəticələnib. 

Bəhruz Səmədov