"Azərbaycanın belə bir yer tutması təəssüf doğuran mənzərədir"

22-02-2017 18:05 / Bu xəbər 1826 dəfə oxundu

Azərbaycan səhiyyəsi 231 ölkə arasında 230-cu yerdədir. Bu, "Səhiyyəyə Qayğı 2017" ("Health Care Index 2017”) İndeksində  qeyd olunub. Siyahını "Numbeo.com" dərc edib. 

İndeksin hazırlanması zamanı əsasən səhiyyə sisteminin effektivliyi, ölkə əhalisinin orta ömrünün uzunluğu, səhiyyəyə xərclənən vəsaitin miqdarını nəzərə alınıb. 

Ölkə səhiyyəsinin durumu

2016-cı ildə dövlət büdcəsindən səhiyyə sahəsinə 744,9 milyon manat vəsait ayrılıb. Bu, 2015-ci illə müqayisədə 4,2 faiz azdır.

Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev deyib ki, 2016-cı ildə əlavə olaraq 83 milyon manat ayrılıb. Bunun nəticəsində həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində 28 tibb müəssisəsində təmir-tikinti işləri gedib.

Səhiyyənin inkişafından danışan nazir deyib ki, xəstəxana və tibb ocaqları təmir olunub, müasir avadanlıqlarla təchiz edilib:

"Bütün dünyada geniş yayılmış şəkərli diabet xəstəliyi üzrə ölkəmizdə bir neçə il əvvəl 55 min xəstə dövlət hesabına dərman vasitələri ilə təmin olunurdu. Bu gün bu rəqəm 213 minə çatıb. Artıq Azərbaycan sümük iliyi transplantasiyası əməliyyatları edən az sayda ölkələr siyahısına daxil olub. Bu mürəkkəb müalicə üsulu böyük investisiyalar, xüsusi şərait, yüksək ixtisaslı mütəxəssislər tələb edir. 35 uşağa sümük iliyi köçürülüb və ilin sonunadək daha 15 nəfərin əməliyyat olunması planlaşdırılır. Əlamətdar haldır ki, ilkin olaraq ilik transplantasiyası xarici mütəxəssislərin köməyi ilə edilirdisə, indi artıq öz mütəxəssislərimiz tərəfindən aparılır".

O.Şirəliyev deyib ki, hazırda Azərbaycanda yeni diridoğulma meyarlarına uyğun olaraq, vaxtından xeyli tez, ekstremal az çəki ilə doğulan körpələrin də xilası istiqamətində ciddi işlər görülür. 

Doqquz ay ərzində 1000 qramdan az çəkili 102 körpəni xilas etmək mümkün olub: "2016-ci ilin 9 ayında ölkənin bütün şəhər və rayonları üzrə 5 milyon 373 min nəfər səhiyyə müəssisələrində tam müayinə olunub. Müxtəlif xəstəliklər aşkarlanan 650 mindən çox insan ambulator, 42 min 800 nəfər stasionar müalicəyə cəlb edilib. Şübhə yoxdur ki, xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi öz müsbət nəticələrini göstərəcək.

Oqtay Şirəliyev

Səhiyyənin inkişafının mühüm şərtlərindən biri də yüksəkixtisaslı kadr hazırlığıdır. Son illər tibb təhsilində rezidentura pilləsinin tətbiqi, həkimlərin sertifikasiyası, mərkəzləşdirilmiş işəqəbul imtahanları, mütəxəssislərin tanınmış xarici klinikalarda hazırlıq keçmək imkanı və digər tədbirlər həkim kadrlarının hazırlığı sisteminə mahiyyətcə yeni yanaşma formalaşdırıb. Nəticədə, vaxtilə ölkəmizdə əlçatmaz olan müasir diaqnostik tədqiqatlar, mürəkkəb kardiocərrahiyyə, invaziv, transplantasiya, süni oynaq əməliyyatları bizim tibb mərkəzlərində, yerli mütəxəssislər tərəfindən həyata keçirilir".

Nazir deyir ki, Azərbaycan səhiyyəsi bu gün tibb xidmətini beynəlxalq standartlara uyğun təşkil etmək iqtidarındadır. 

Ayrılan vəsait və görülən işlər yetərincədirsə, Azərbaycan səhiyyəsi niyə sonuncu yerlərdə qərarlaşıb? 
 
"Azərbaycan genofondu təhlükə qarşısındadır”
 
Tibb üzrə ekspert Adil Qeybulla Toplum TV-yə açıqlamasında deyir ki, Azərbaycanda səhiyyənin durumu qənaətbəxş deyil: ”Əvvəlcə araşdırmaq lazımdır ki, həmin göstəricilər rəsmi, yoxsa qeyri-rəsmi şəkildə aparılan araşdırmalardır. Təəssüf edirəm ki, çox zaman qeyri-rəsmi araşdırmalar rəsmi göstəricilərdən daha səmimi və düzgün olur. Sağlamlıq indeksi üzrə kriteryalar - orta yaş, xəstəlik, xüsusilə, onkoloji xəstəliklərin çəkisi, ekologiya ilə bağlı yaranmış xəstəliklər sosial durumla bilavasitə və dolayı yolla əlaqəlidir. Bunlar araşdırıldıqdan sonra sağlamlıq göstəriciləri ortaya qoyulmalıdır. Azərbaycanın dünya üzrə göstəricilərdə belə bir yer tutması, doğurdan da, təəssüf doğuran mənzərədir". 

Adil Qeybulla

"Hakimiyyət vurğulayırdı ki, bizim səhiyyəmiz, iqtisadiyyatımız və əhalinin rifah halı yüksəlib. Lakin həqiqətdə tamamilə başqa nəticələrlə qarşılaşırıq" - deyən A.Qeybullanın fikrincə, Azərbaycan genofondu təhlükə qarşısındadır: "Bunlardan nəticə çıxarılmalı və konkret tədbirlər görülməlidir. Azərbaycan səhiyyəsinin son pillələrdə olmasının əsas səbəblərindən biri də əhalinin sosial müdafiəsinin mühüm elementi olan icbari tibbi siğortanın olmamasıdır. Bu məsələnin həlli üçün cəhdlər olsa da, ayrılan fond əhalinin etibarlı icbari tibb siğortasını təmin etmək iqtidarında deyil. Bu layihənin uğurla həyata keçirilməsi üçün əlavə gəlir mənbələrinin cəlb edilməsi vacib şərtlərdəndir. Amerikada səhiyyəyə sərf olunan xərclər federal büdcədən çoxdur. Məhz buna görə də səhiyyə yüksək səviyyədədir. Hesab edirəm ki, səhiyyəmizdə ciddi dəyişikliklər olmasa, proses getdikcə dərinləşə bilər”, - ekspert bildirib. 

"Sistem şəklində ortaya çıxardığımız iş eybəcər olur”

Həkim Vasif İsmayıl səhiyyənin inkişaf etməməsində sistemin yarıtmazlığı amilini önə çəkib: ”Səhiyyəmizin inkişaf etməməsinin səbəbləri müxtəlifdir. Yaxşı səhiyyə xidməti vermək üçün üç amil gərəklidir. İlkin olaraq, maddi-texniki baza, ikinci, kadr potensialı, son olaraq sistem əsas amildir. Maddi texniki bazaya son illərdə ciddi yatırımlar olunub və yaxşı vəziyyətdədir. Kadr potensialında da inkişaf nəzərə çarpır amma yenə də nəticə dəyişmir. Ayrı-ayrılıqda uğurlu olsaq da, sistem şəklində ortaya çıxardığımız iş eybəcər olur. Çünki sistemimiz yaxşı işləmir.

Vasif İsmayıl

Sistemin daha yaxşı işləməsi üçün icbari tibbi siğortanın həyata keçirilməsi vacib şərtlərdəndir. İcbari tibbi siğorta köklü islahatdır, bunun gerçəkləşməsi üçün sovet idarəetmə birasından tamamilə imtina etməliyik. Əgər bu idarəetmə formasından imtina etməsək, səhiyyənin inkişafında heç bir irəliləyiş əldə edə etməyib, əksinə atılan müsbət addımlar da əleyhimizə dönəcək. Hesab edirəm ki, hökümətin səhiyyənin inkişafı üçün cəhdləri ictimai rəyin inamsızlığı ilə toqquşur. Bu sistem o qədər köhnəlib, hətta zərərli şəkilə gəlib ki, bu vasitə ilə doğru addımlar atılsa da, nəticəsi ürəkaçan olmayacaq”.

"Mən qeyri-rəsmi məlumatlara münasibət bildirmək istəmirəm”

Deputat Məlahət İbrahimqızı məsələyə şərh bildirməkdən imtina edib. 

Məlahət İbrahimqızı

Mətbuata çıxarılan faktlar 2016-cı ildə 6 nəfərin səmərəsiz səhiyyə sistemi ucbatından dünyasını dəyişdiyi iddiasını ortaya qoyur. Belə ki, ilk yarımildə beş nəfər ölüb. Bir xəstənin isə sağ ayağı əvəzinə sol ayağı kəsilib. Avqustda isə anestezoloqun günahı ucbatından bir gənc qızın həyatına son qoyulduğu barədə məlumat verilib. 

Ofelya Ramilqızı