Azərbaycanda strateji yol bərbad vəziyyətdədir - FOTOLAR

Azərbaycanda strateji yol bərbad vəziyyətdədir - FOTOLAR

25-03-2017 16:33 / Bu xəbər 1901 dəfə oxundu

Bakı-Quba-Rusiya sərhədi yolunun Qubanın Vladimirovka kəndindən keçən hissəsinin əsaslı təmirə ciddi ehtiyacı var.

Bu barədə Vladimirovka kəndindən olan sürücü Azər Bayramov İstiPress-in şimal bürosuna  məlumat verib. Onun sözlərinə görə, idarə etdiyi "Hunday Elantra” markalı avtomobili ilə hər gün Quba şəhərinə işə gedib gəlir, yolun çala-çuxurlu olması avtomobilini yararsız hala salır, qazancını elə nasaz olan ehtiyat hissələri almağa  xərcləyir.

Sürücü bildirir ki, bu yol beynəlxalq əhəmiyyətli yoldur, hər gün Rusiyaya gedib gələn sürücülər bu yoldan istifadə edir. İri çala-çuxurlu yol bütün sürücülərin narazılığına səbəb olur. Bundan başqa, avtomobil xarab olanda yolda ləngiməli, gecikməli olurlar.

Azər Bayramov bu strateji yolun əsaslı şəkildə yenidənqurulmasını vacib bilir və əlaqədar qurumlardan kömək istəyir.

Azər Bayramov kimi yüzlərlə sürücünün həllini gözlədiyi problemi "Azəravtoyol” ASC-nin 5 saylı Yol İstismar MMC-nin sədri Aydəmir Manafova çatdırdıq. Qurum rəsmisi həqiqətən Rusiyaya gedən yolun Qubanın Vladimirovka kəndindən keçən 73-74 cü km-liklərindəki hissəsinin qəzalı, çala-çuxurlu olduğunu təsdiqləyib.

Bildirdi ki, rayon ərazisində qışdan çıxan bütün yolların bərpasına başlanılıb, əgər hava şəraiti imkan versə, qarşıdakı həftənin ilk günlərindən həmin yolun da çala-çuxurlu hissəsi bərpa ediləcək, asfaltlanacaq.