Azərbaycan: dini məzmunlu məhsulların idxalı, ixracı, çap və tərcüməsində son vəziyyət

Azərbaycan: dini məzmunlu məhsulların idxalı, ixracı, çap və tərcüməsində son vəziyyət

22-02-2019 13:07 / Bu xəbər 2702 dəfə oxundu

Müəllif: Seymur Kazımov

Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) xüsusi rəyi olmadan dinitəmayüllü kitab və dini məzmunlu başqa məlumat materialları ölkəyə daxil ola bilməz. Rəy verilməyən dini kitab və məlumat materiallarını, diskləri Dövlət Gömrük Komitəsi sərhəddə saxlayır və baxılması üçün Dini Komitəyə göndərir. Dini kitabların çapına da DQİDK qərar verir. Burada söhbət yalnız islamdan yox, bütün din və cərəyanlardan gedir.  

Dini Komitə rəsmiləri ilə ünsiyyət zamanı məlum olur ki, məqsəd məzhəbçilik, bölücülük, ekstremizm, zorakılıq və radikallığın təbliğatının qarşısını almaqdır.  

2011-ci ilin dekabrında Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, dini vəsaitlərin icazəsiz satışına görə inzibati cəza ləğv edilərək, cinayət məsuliyyəti tətbiq olundu. 200 manatdan 400 manatadək nəzərdə tutulan cərimə cəzası 5 ilədək həbs cəzası ilə əvəzləndi. 

2018-ci ildə ABŞ-ın Beynəlxalq Din Azadlığı hesabatında (2017-ci il üçün) Azərbaycanda həm də dini ədəbiyyatın idxalı, yayımı, satışı üzərində nəzarətin gücləndirildiyi bildirilir. 

BMT-nin İnsan Hüquqları Komitəsinin 4-cü dövrü üzrə Azərbaycanla bağlı hesabatında dini etiqad və vicdan azadlığı sahəsində əsas problemlərdən biri kimi dini ədəbiyyatın idxalı və yayımı göstərilib. 

Xarici ölkədən həm satış, həm də fərdi istifadə üçün diniyönümlü ədəbiyyat, audi-video məhsullar gətirən şəxslər iddia edir ki, onlara müəyyən çətinliklər yaradılır, gətirdikləri məhsulları Dövlət Gömrük Komitəsi müsadirə edir. 

Adının açıqlanmasını istəməyən şəxs bildirir ki, İran və Türkiyədən dəfələrlə dini ədəbiyyat gətirdiyi zaman Gömrük Komitəsinin əməkdaşları kitabları ondan alıb və ölkəyə buraxmayıb. 

"Deyirlər ki, icazə yoxdur, rəy almaq lazımdır. Başqa izahat vermirlər. Azərbaycanda sanki dini ədəbiyyat monopoliyadadır. Bizə gətirməyə icazə vermirlər, amma eyni kitabları satışda görürük. Üstəlik, tərcümələrinə də rast gəlinir. Amma tərcümə ilə kitabın orijinalı arasında da fərq var. Biz isə orijinaldan oxumaq istəyirik”. 

İddia və qayğılar

Demokratik Təşəbbüslər İnstitutunun 2018-ci ildə çap olunmuş "Dini Vəsaitlərə dair Hüquqi Çərçivə, Praktiki Vəziyyət və Tövsiyələr” adlı araşdırma sənədində qeyd olunub ki, Azərbaycanda islam dininə aid icmalar dini ədəbiyyatın çapı, ölkəyə gətirilməsi, yayılması kimi işlərlə məşğul olmur. 

İslam dininə aid kitabların nəşri, çapı, ölkəyə gətirilməsini əsasən ayrı-ayrı fərdlər və satış məntəqələri həyata keçirir. Ölkəyə kitab gətirilməsi, kitab çapı kimi məsələlərlə bağlı problem yaşayan dini icmalar əsasən "Yehovanın Şahidləri" və "Xristian-Baptist" dini icmasıdır. 

Media Hüququ İnstitutnun əməkdaşı Xalid Ağaliyev deyir ki,  2006-2017-ci illərdə 1500 adda dini məzmunlu kitabın Azərbaycana gətirilməsinə imkan verilməyib. 500 adda dini məzmunlu kitab isə hüquq mühafizə qurumlarının əməkdaşları tərəfindən əməliyyatlar zamanı götürülüb. 

Qeyd edilən dövrdə kitabların gətirilməsinə qadağa qoyulması, götürülməsi hallarının cəmi 40-dan bir qədər artığı məhkəmə qaydasında mübahisələndirilib. Belə işlərdən 20-si 2017-ci ilin sonunadək Avropa Məhkəməsinə şikayət edilib. Həmin şikayətlər üzrə hələlik qərar verilməyib. Bəzi şikayətlər Azərbaycan hökuməti ilə kommunikasiya edilir. 

Hüquqşünas Xalid Ağaliyevin sözlərinə görə, beynəlxalq praktikada bu olaylara Avropa Konvensiyasının 10-cu, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 18-ci maddəsinin kontekstində baxılır və Azərbaycan da həmin sənədlərə könüllü qoşulduğundan onlara əməl etməlidir. 

"Ancaq icazə verən qurumların peşəkarlığı çox vacibdir. Həmin qurumlar öncə hər kəsin rahatlıqla çata biləcəyi siyahı təqdim etməlidilər, həmin siyahıda gətirilməsi, yayılması qadağan edilmiş ədəbiyyatlar əksini tapmalıdır. Ancaq təcrübədə görürük ki, belə deyil. Elə dini ədəbiyyatlar var ki, onlara yalnız Azərbaycan qadağa qoyub. Həmin ədəbiyyatları internetdən endirmək, Türkiyədən, Rusiyadan, Gürcüstandan satın almaq olar”, Ağaliyev əlavə edir. 

Dini məsələlər üzrə ixtisaslaşmış jurnalist Kənan Rövşənoğlu deyir ki, qanunsuz dini ədəbiyyat məsələsi 2000-ci illərin əvəllərində, yəni DQİDK yarananda ortaya çıxdı. O zaman Azərbaycanda iqtisadi vəziyyətlə əlaqədar olaraq dini ədəbiyyat əsasən idxal olunurdu. 

"Ancaq sonrakı illərdə bu məsələ müəyyən qədər səngidi. Çünki ölkədə nəşriyyat işi inkişaf etdi, 2010-cu ildən sonra Azərbaycanda dini ədəbiyyat çap olunmağa başladı. İndi əsasən problem xaricdən ölkəyə gələn böyük partiyalar deyil, əsasən şəxslərin gətirdiyi kitablarda olur. Dini ədəbiyyatları gömrük saxlayır, komitəyə ekspertizaya göndərir. Müvafiq razılıq olmasa kitablar müsadirə olunur”. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cavabları: 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmaylova görə, dinşünaslıq ekspertizasını qadağa və senzura kimi təqdim etmək yanlışdır: "Dini Etiqad Haqqında” Qanunun 22-ci maddəsində qeyd olunub ki, ölkəyə idxal və ixrac olunan dini ədəbiyyatlar, mal və məmulatlar, audio-video yazılar, əşyalar dinşünaslıq ekspertizasından keçirilməlidir. Ölkədə yaymaq üçün isə həmin dini məhsullar nəzarət markası ilə markalanmalıdır”.

Komitə rəsmisi vurğulayır ki, xaricdən dini ədəbiyyatın və dinitəmayüllü məhsulun gətirilməsinə məhdudiyyət yoxdur. Yalnız, öncədən bəzi tədbirlər alınmalıdır.

İcazə üçün müraciət

"Şəxs Komitəyə müaricət edir və gətirəcəyi məhsullar barədə öncədən məlumat verir. Bundan sonra bizə təqdim olunan siyahı dinşünaslıq ekspertizasına göndərilir və müvafiq cavab verilir. Hesab edək ki, şəxs xarici ölkədə səfərdədir və ölkəyə dini ədəbiyyat gətirməlidir. Bu zaman Komitəyə internet vasitəsilə eyni qaydada müraciət edə bilər. Ölkədə dini ədəbiyyat çap edən şəxs də Komitəyə müraciət etməli, həmin məhsula da baxılıb müsbət rəy veriləndən sonra çapa təqdim oluna bilər”, - İsmayılov izah edir. 

DQİDK-də Dinşünaslıq Ekspertizası şöbəsi fəaliyyət göstərir. Şöbənin 8 nəfər əməkdaşının hamısı ixtisasca dinşünasdır. Şöbə dinitəmayüllü məhsulların ekspertizası zamanı bu sualları əsas götürür: 

"Təqdim edilən ədəbiyyatda dini nifrət və düşmənçiliyə rəvac verəcək fikirlər varmı?”
"Dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək fikirlər mövcuddurmu?”
"Ölkədəki mövcud dini duruma, tolerant və multikultural mühitə mənfi təsir göstərəcək fikirlərə yer verilibmi?”
DQİDK-də həm də dinşünas ekspertlər qrupu var. Onlar Komitənin ştatlı əməkdaşları deyil. 

Satış qaydası

Dini ədəbiyyatların satışına gəldikdə isə, bu tip ədəbiyyatlar əsasən dini təyinatlı mağazalarda satılır. 

"Amma bu o demək deyil ki, digər kitab mağazaları belə məhsullar sata bilməz. Bunun üçün Komitəyə müraciət etmələri kifayətdir. Məhsula icazə və məhsulun satışına icazə bir-birindən fərqli proseslərdir”, - İsmayılov deyir.

İsmayılov Gömrük Komitəsinin "müsadirə” prosesinə isə belə aydınlıq gətirir: "Müsadirə deyilən bir şey yoxdur. Ümumiyyətlə, qadağan olunan və olunmayan anlayışı da doğru deyil. Var məqsədəuyğun və məqsədəuyğun olmayan dinitəmayüllü məhsul. Gömrük nəyisə müsadirə etmir. Gömrük əməkdaşları həmin məhsulu götürür, rəy verilməsi üçün bizim Komitəyə göndərir. Biz də 15 gün ərzində ekspertizanı keçirdikdən sonra rəy veririk”. 

Dinitəmayüllü məhsulların sayı

Komitənin Dinşünaslıq Ekspertizası şöbəsindən verilən məlumata görə, 2018-ci ildə şöbəyə daxil olmuş müraciətlər əsasında 1704 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 52 adda kitabın ölkəyə idxalının qarşısı alınmışdır. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 192 adda dini ədəbiyyata baxılaraq, onlardan 26-sının çapı məqsədəuyğun sayılmamışdır. 2018-ci ildə 741 adda (801307 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. 
"DQİDK-nin maliyyəsi hesabına 100-dən artıq adda dini ədəbiyyat ölkədə çap olunub. Dini ədəbiyyat və ləvazimatlar satan mağazalara davamlı olaraq nəzarət edilir. Bu proses bundan sonra da davam edəcək. Hazırda ölkədə rəsmi icazə verilən 42 dini mağaza fəaliyyət göstərir. Dini mağazalara icazələrin verilməsi proseduru davam etdirilir", deyə DQİDK-nın sədr müavini vurğulayıb.

Məqsədəuyğun olmayan dini ədəbiyyatın siyahısı niyə açıqlanmır?

Gündüz İsmayılov: "Tarix qaynaqları özündə əsk etdirən kitablardan fərqli olaraq, müasir dini ədəbiyyatlarda standartlar yoxdur. Bu tip ədəbiyyatlarda dini interpritasiyalar, şəriətlə bağlı hökmlərin dəyişməsi var. Buna görə də, siyahı mütəmadi dəyişilir. Bəzən müraciət olunur ki, hansısa ədəbiyyatdan 3000 min nüsxə çap olunacaq, ancaq çap edilir 7000 ədəd. Yəni, tətbiq olunan nəzarət markalanması say məsələsini də tənzimləyir, çünki kitabın bütün nüsxələri markalanır. İkinci məqam bundan ibarətdir ki, Komitə kitab çapı üçün müsbət rəy verir, amma çapdan sonra məlum olur ki, bizim rəylərimiz nəzərə alınmayıb. Eyni məsələ tərcümə ilə də bağlıdır. Ekspertiza rəy verir ki, hansısa hissələrin tərcüməsi Azərbaycan cəmiyyəti üçün uyğun deyil və həmin hissələr çıxarılmalıdır. Amma çapdan sonra görürük ki, həmin hissələr olduğu kimi qalıb. Mövcud olan siyahı daxili istifadə, yəni dinşünas ekspertin xidməti istifadəsi üçündür”. 

Kitabın orijinalı, yoxsa tərcüməsi?

"Xarici nəşrlərin tərcüməsi zamanı Komitənin təklif etdiyi və uyğun bilmədiyi məqamlar tərcümə olunmur və həmin kitabın azərbaycanca buraxılışı çap olunur, üzərində də nəzarət markası vurulur. Bəzən bu hal da çaşqınlıq yaradır. Kimsə hesab edir ki, bu kitabın tərcüməsinə və satışına icazə verilibsə, deməli, orijinalının ölkəyə gətirilməsi problem olmayacaq. Amma nəzərə almaq lazımdır ki, Komitə kitabın orijinalına deyil, yalnız müəyyən hissələr çıxarılmaqla, tərcümə olunmuş versiyasına müsbət rəy verib”. 

Məqsədəuyğun olmayan ədəbiyyatın ölkəyə gətirilməsi

"Şəxs dinşünasdırsa, dini pedaqoji fəaliyyətlə məşğul olursa ona məqsədəuyğun olmayan ədəbiyyatın və ya dinitəmayüllü digər məhsulun gətirilməsinə, istifadəsinə icazə verilir. Onlar tədris prosesində bu tip məhsullardan əyani vəsait kimi istifadə edə bilər. Bu, dinşünaslıq ixtisasında təhsil alan tələbələrə də aiddir. Dini pedaqoji fəaliyyətlə məşğul olan ali məktəblərdə, kollec və mədrəsələrdə belə kitabların olması təbiidir. Azərbaycanda dinitəmayüllü məhsulların gətirildiyi ölkələr əsasən Türkiyə, İran, Səudiyyə Ərərbistanıdır. Bu ölkələrdən əsasən tədrisyönümlü ədəbiyyat gətirilir, çünki burada dini təhsil alan azərbaycanlı çoxdur”. 

Hüquq mühafizə orqanları və dini ədəbiyyat

Gündüz İsmayılov aydınlıq gətirir ki, Daxili İşlər Nazirliyi Dini Komitə ilə birgə reydlər keçirir. "Dini təmayüllü məhsullar satılan məkanlarda, o cümlədən hüquq-mühafizə orqanlarının axtarış apardığı müxtəlif yerlərdə yalnız markalanmamış dini ədəbiyyat götürülür və DQİDK-nin ekspertizasına tədqim olunur”. 

"Yəhovanın şahidləri” 

2016-cı il yanvarın 28-də Yehovanın Şahidləri dini icmasının iki üzvü İrina Zaxarçenko və Validə Cəbrayılova 11 aylıq həbsdən sonra azadlığa çıxıblar. Hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi o vaxt iddia edirdi ki, onlar mənsub olduqları icmanın dini ədəbiyyatını vətəndaşlara təklif edərək cinayət törətmişlər.

Gündüz İsmayılov bildirir ki, "statistikanı müəyyənləşdirsək, bu icmanın ölkəyə idxal etdiyi dini ədəbiyyatın sayı digər müsəlman icmalarının idxal etdikləri dini ədəbiyyatın sayından çoxdur. Bunlar əsasən müxtəlif bröşürlər, müxtəlif dillərdə olan aylıq jurnallardır". 

Komitə rəsmisi qeyd etdi ki, bugünədək DQİDK-nin ekspertiza şöbəsinin fəaliyyəti ilə bağlı iki dəfə məhkəmə iddiası qaldırılıb ki, bunlardan biri Yəhavonın şahidləridir, digəri isə Elşad Miridir. 

"İslamda yoxdur…”

İlahiyyatçı Elşad Mirinin qələmə aldığı "İslamda Yoxdur” adlı kitabı barəsində DQİDK rəy verib. Rəydə kitabın çapa məqsədəuyğun olmadığı qeyd olunub. 

Elşad Mirinin sözlərinə görə, kitab "İslamda sehr yoxdur”, "İslamda siğə yoxdur”, "İslamda huri yoxdur”, "İslamda azyaşlıların evləndirilməsi yoxdur”, "İslamda seyidlik yoxdur”, "İslamda ölüyə Quran oxumaq yoxdur”, "İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir. 

"Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) bu kitabın çapında maraqlı deyil. Çünki orada göstərilən bütün məsələlər onların fəaliyyətinə ziddir. QMİ seyidliklə bağlı vəsiqələr verir, mollalar siğə edirlər, azyaşlıların kəbinini kəsirlər, cadu, falla müalicələr edirlər və s. Belə olan halda bu kitabın çapını istəmirlər”, - Miri əlavə edir.

DQİDK-nin mətbuat xidməti Elşad Mirinin bu açıqlamaları ilə bağlı bəyanat yayıb. 

"Kitabda toxunulan məsələlərlə (xüsusilə, sehr, cadu, siğə, azyaşlıların ailə qurması və s.) bağlı cəmiyyətdə maarifçilik işinin aparılmasına həqiqətən də ehtiyac var və kitabın bu hissəsinə heç bir irad yoxdur, ola da bilməz. Rəydə bildirilir ki, kitabda ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlər aşkar edildiyindən onun nəşri məqsədəuyğun hesab edilmir. Həmin fikirlər isə əsasən, seyidlik anlayışı və Peyğəmbərin məsumluğu ilə bağlıdır. Müəllifin bu məsələlər barədə mövqeyi cəmiyyətdə maarifləndirmədən daha çox dini durumda mənfi təzahürlərin meydana gəlməsinə rəvac verə bilər”, - bəyanatda qeyd olunub.  

Elşad Miri isə bu iddialarla razılaşmadığını, kitab çapına yaradılan məhdudiyyəti senzura kimi qiymətləndirdiyini dedi. "Mən Azərbaycan Respublikasının prezidentinə müraciət etmişəm. Avropa Məhkəməsinə getmək istəmirəm. İstəməzdim ki, Azərbaycanın adı "kitab çapını qadağan edən ölkə" kimi tanınsın”.