"Ayıq sürücü" 3000 manatlıq qızılımızı oğurlayıb" - Bakı sakini

13-03-2018 13:46 / Bu xəbər 1360 dəfə oxundu

Şirkətin Vergilər Nazirliyində qeydə alınmadığı deyilir

"Ayıq sürücü" xidmətinin əməkdaşı maşından vətəndaşın 3000 manatlıq qızıl əşyalarını oğurlayıb. 

Bu barədə Hüseyn Nuriyev özü sosial şəbəkələrdə məlumat yayıb. 

O bildirib ki, 8 mart tarixdə iş yoldaşı İranə Nəcəfova ilə ayıq sürücü xidmətinə zəng edib. 

15 dəqiqə sonra ayıq sürücü xidmətinin əməkdaşı onlara yaxınlaşıb və deyilən ünvana aparıb. 

Sonra bəlli olub ki, ayıq sürücü xidmətinin əməkdaşının onlara məxsus 3000 (üç min) manat civarında qızıl-ziynət əşyasını avtomobildən oğurlayıb: "Yolda maışını saxlayıb aptekə girdik. Sürücü isə maşında gözlədi. Ünvana çatanda məlum oldu ki, maşından 3000 (üç min) manatlıq ziynət əşyası götürülüb. Sürücü ilə danışdıq, xidmətin nömrəsinə zəng etdik. Dedilər ki, sabah saat 12-də qaytararıq. Amma 3-4 gündür ki, sürücü yoxa çıxıb və heç bir əlaqə saxlamaq mümkün deyil". 

H. Nuriyev deyir ki, olayla bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə də məlumat verib. Nazirlik işi Nərimanov rayon 18-ci polis bölməsinə yönəldib: "Bölmədən deyirlər ki, axtarış davam edir. Amma sürücünün heş bir koordinatı yoxdur. Şirkət isə sürücünü müqavilə ilə işə götürmədiyini deyir. Məlum oldu ki, şirkət heç bir yerdə qeydiyyatdan da keçməyib. Bu xidmətin rəhbəri Nicat adlı şəxslə də görüşmüşük. Deyir, sürücü təzə işə çıxmışdı, nə şəxsiyyət vəsiqəsini təqdim edib, nə də müqaviləsi var". 

"Axtarış zamanı məlum oldu ki, bu şirkət Vergilər Nazirliyində də qeydiyyata alınmayıb. Şirkətin rəhbəri isə özünü yüksək vəzifədə olan şəxslərə yaxın biri kimi təqdim edib bizi hədələyir. Bu gün daxili işlər naziri cənab Ramil Usubova da teleqram da göndərəcəyəm", - vətəndaş bildirib. 

Polisdən isə bildirilib ki, iş araşdırılır. 

Arqument.Az