AXCP-nin gənc fəalına 7 il həbs tələb olundu

AXCP-nin gənc fəalına 7 il həbs tələb olundu

14-09-2018 00:13 / Bu xəbər 2203 dəfə oxundu

Orxan Baxışlı ilə bağlı məhkəmə istintaqı yekunlaşıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəalı Orxan Baxışlının işi üzrə məhkəmə istintaqı başa çatıb.

Sentyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə O.Baxışlının vəkil Elçin Sadıqov bəzi sənədlərin sübutlar siyahısından çıxarılması haqda vəsatət qaldırıb.

Vəkilin sözlərinə görə, cinayət işindəki protokollar qanunsuz yolla əldə edilib və sübut kimi onlara istinad oluna bilməz: "Adamı tutublar, ərazi aidiyyətini müəyyən eləməyiblər. Əvvəl 26-cı bölməyə aparıblar, sonra 28-ci bölməyə".

Vəsatət baxılmamış saxlanılıb.

Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror deyib ki, O.Baxışlının üzərindən narkotik tapılmasına dair ittiham təsdiqini tapıb. O, cəbhəçi gəncin 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Sentyabrın 18-də növbəti məhkəmə iclasında vəkil çıxış edəcək.

AXCP Gənclər Komitəsinin Xətai şöbəsinin üzvü O.Baxışlı mayın 7-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə ittiham olunur. İddia edilir ki, gənc fəalın cibindən 6 qram heroin tapılıb. Bu maddədə 5 ildən 12 ilə qədər həbs nəzərdə tutulub.

O.Baxışlı ittihamı rədd edir, narkotikin ona məxsus olmadığını, saxlandıqdan sonra cibinə polislər tərəfindən atıldığını bildirir.

Yaxınları və üzvü olduğu AXCP O.Baxışlının həbsini xüsusən həbsindən dörd gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışla əlaqələndirir. Orada O.Baxışlı E.Hüseynovun bu hakimiyyət tərəfindən qətlə yetirdiyini, o üzdən qatillərin tapılıb cəzalandırılmadığını bildirmişdi.