Anası: "İlkin Rüstəmzadənin ölümünə hazırlıq gedir"

Anası:

09-07-2018 09:49 / Bu xəbər 2409 dəfə oxundu

''Ona təzyiq hər gün artır''

Həbsdə olan NİDA-çı İlkin Rüstəmzadənin anası Atlas Hüseynova iyulun 8-də mənzilində mətbuat konfransı keçirib.

O, 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan İlkin Rüstəmzadənin həbsdə olduğu 5 il yarım müddətdə həmişə təzyiq altında olduğunu və bu gün də oğluna qarşı basqıların davam etdiyini söyləyib.

Anası deyib ki, İlkin Rüstəmzadə həbs olunanda 20 yaşı vardı, indi isə 26 yaşı var:

"Oğlum bugünlərdə əməliyyat edilib, amma bizdən bunu gizlədib. Onu buna görə tibb məntəqəsində saxlamayıblar və bildiriblər ki, yuxarıdan belə tapşırıq veriblər. Ona təzyiqlər hər gün artır, telefon zənglərinə məhdudiyyətlər qoyulduğundan, o, bundan imtina etdi. Penitensiar Xidmətə müraciət etsəm də, reaksiya yoxdur. Yalnız mətbuat katibi Mehman Sadıqovla danışa bilmişəm, o da rəhbərliklə danışacağını söyləyib. Eyni zamanda, Ombudsman Aparatı ilə danışmışam. Təəssüf ki, son iki gündə müvafiq qurumlarla danışa bilməmişəm. Biz gələn həftədən müraciətimizi davam etdirəcəyik. İlkinin ölümünə hazırlıq gedir. Biz dövləti idarə edənlərə deyirik, oğlumuzu azad edin”.

Atlas Hüseynova deyib ki, oğlu "Əsgər ölümlərinə son!” aksiyasına görə həbs edilib:

Atlas Hüseynova

"Aksiyanın tələbləri də haqlıydı, çünki ondan sonra nazir Səfər Əbiyev işdın azad edilib. Ona olan təzyiqlərin kökündə əfv ərizəsi yazmaması dayanır. Amma İlkin deyir ki, mən əfv ərizəsi yazsam, deməli, günahımı etiraf etmiş olaram. Mən burdan oğlumdan əlçəkmələrini istəyirəm. Onun bir neçə dəfə məcburi şəkildə saçlarını qırxıblar. İlkinlə həbs edilən 7 nəfər azad olunub, amma onu saxlayıblar, halbuki, hamısı eyni maddə ilə həbs ediliblər. Niyə onu indiyə qədər saxlayılblar? Bu işə hökm verənlər, nə istəyirsiniz ondan? Tarix heç nəyi unutmur, heç olmasa haqqı deyin”.

İlkin Rüstəmzadə 17 may 2013-cü ildə xuliqanlıq ittihamı ilə saxlanılıb - istintaq Bakının dənizkənarı bulvarında Harlem Shake rəqs fləşmobunu və onun "YouTube"-da yerləşdirilməsini xuliqanlıq kimi qiymətləndirib.

2014-cü il mayın 6-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib. Onunla birlikdə həbs edilən 7 nəfər çoxdan azad edilib. Lakin İlkin Rüstəmzadə hələ də həbsdədir. Yaxınları bunu NİDA-çının əfv ərizəsi yazmaması ilə əlaqələndirirlər.

Ötən il iyulun 20-də Avropa İnsan Haqları Məhkəməsi İlkin Rüstəmzadənin Bakıda etiraz aksiyalarından biri zamanı inzibati həbsi ilə bağlı ilk şikayəti üzrə qərarı elan edib. AİHM ona 6 min avro təzminat ödənilməsi barədə qərar qəbul edib.

Meydan.Tv