"Anarxo-kapitalizm" nədir?

15-11-2018 18:27 / Bu xəbər 2438 dəfə oxundu

Rəşid Cəfərov
 
Anarxo-kapitalizm eyni zamanda "Liberal anarxizm", "Şəxsi mülkiyyət anarxizmi" kimi də adlandırılan siyasi düşüncədir. 

Düşüncənin təməlində şəxsi mülkiyyət hüququna iqtidar müdaxiləsinin rəddi və cəmiyyətin qarşılıqlı əlaqəsi mexanizmi olaraq rəqabət üzərinə qurulan sərbəst bazarın müdafiəsi durur. Əgər şəxsi mülkiyyət bir ticarət fəaliyyətinin nəticəsidirsə, bir əməyin qarşılığıdırsa və ya hədiyyə olaraq əldə edilmişdirsə, bu,  o zaman "Anarxo-kapitalizm” çərçivəsində "qanuni” olaraq qəbul edilir.  

İqtisadi məktəb anarxo-kapitalist cəmiyyətdə sərbəst bazar fəaliyyətini, cəmiyyət təşkilatlarını, qanun tətbiqlərini, təhlükəsizlik və infrastrukturu dövlət yerinə mənfəət məqsədli rəqabətə söykənən şirkətlərin, yardım dərnəklərinin və ya könüllü birliklərin təşkil etməsini nəzərdə tutur.

"Liberal anarxizm” bir növ fərdi anarxizm forması olaraq xarakterizə edilir. Lakin bəzi düşüncə sahiblərinə görə fərdi anarxizmdən fərqli olaraq, "Anarxo-kapitalizm” əmək-dəyər teoremini və onun normativ tətbiqlərini rədd edir(Tucker and Spooner). 

Anarxo-kapitalist düşüncələr agorizm (məqsədi insanlar arasındakı bütün münasibətlərin qarşılıqlı razılığa söykənən alış-verişlərdən təşkil olunan sərbəst bazar dünyası olan siyasi fəlsəfədir) və bazar mərkəzli azadlıq tərəfdarları olan sol fəlsəfələrin inkişafında rol oynayıb.