Anar Məmmədli: "Yaxşı olardı ki, nümayəndə heyətinin tərkibi dəyişdirilsin"

 Anar Məmmədli:

17-05-2018 17:06 / Bu xəbər 3740 dəfə oxundu

AŞPA-nın Prosedur Qaydalar Komitəsi korrupsiya hesabatında adı çəkilən dörd üzvünə, o cümlədən, Azərbaycanın qurumdakı nümayəndə heyətinin başçısı Səməd Seyidova sanksiyalar tətbiq edib, onların bəzi hüquqlarını alıb. 

Azərbaycan tərəf sanksiya qərarı ilə razılaşmır. Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən S.Seyidov bu mövqeyində nə qədər haqlıdır?

AzadlıqRadiosu bu mövzuda Demokratiyanın Tədrisi və Seçkilərin Monitorinqi Mərkəzinin Anar Məmmədli ilə söhbət edib.

- Anar bəy, hakimiyyət beynəlxalq qurumun qərarını qərəzli sayır, sizcə, belə düşünmək üçün hansı əsaslar var?

- Azərbaycan hakimiyyətinin münasibəti ilə bağlı demək istərdim ki, prosesin gedişatı yerli və beynəlxalq ictimaiyyətə bəllidir. Avropa Şurası Parlament Assambleyasında yaradılmış təhqiqat qrupunun gördüyü işlər hesabatda da əksini tapıb. Bu məsələdə Azərbaycan nümayəndə heyətindən üç nəfərin adı hallanır: Elxan Süleymanov, Müslüm Məmmədov və Səməd Seyidovun. Ancaq təəssüflər olsun ki, Elxan Süleymanovla Müslüm Məmmədov bu təhqiqat qrupu ilə əməkdaşlıqdan imtina ediblər. Korrupsiya qalmaqalında Səməd Seyidovla müqayisədə bu iki şəxsin adı daha çox hallanır. Bu şəxslərlə bağlı xeyli ittihamlar var. Onların ifadə verməməsi Azərbaycan tərəfdən daha çox Səməd Seyidova ittihamların yönəlməsinə səbəb olub, digər iki şəxsin adı isə sanki unudulub. Elə təəssürat yaranır ki, söhbət yalnız bir şəxs - Səməd Seyidovdan gedir.

- Bu durumda Səməd Seyidov baş verənlərə görə nə qədər məsuliyyət daşıyır?

- Səməd Seyidov Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Lap deyək ki, onun özünün də söylədiyi kimi, korrupsiya məsələsində heç bir iştirakı olmayıb. Ancaq Elxan Süleymanovla, Müslüm Məmmədovla bağlı ittihamlar deməyə əsas verir ki, bütün bu proses, yəni AŞPA-nın binasındakı olaylar, yazışmalar, müzakirələr ya Səməd Seyidovun iradəsindən kənar baş verib, ya da bunun qarşısını almaq məqsədilə bilərəkdən addım atmayıb. O, AŞPA-dakı son çıxışında da dedi ki, «nəyə görə mənim adımı bu sıraya daxil edirsiniz, halbuki mənimlə bağlı ittiham yoxdur». Amma söhbət ondan gedir ki, o, nümayəndə heyətinin rəhbəridir. Rəhbər nümayəndə heyətindən kimlərinsə bu cür yazışmalarda, danışıqlarda, proseslərdə iştirakına necə gözünü yuma və ya yol verə bilər? Məncə, o özü də məsuliyyətini dərk edir. Sadəcə, ictimai rəyi çaşdırmağa yönəlik açıqlamalar verir. Amma bu onu məsuliyyətdən azad etmir. İkincisi, söhbət burda siyasi və mənəvi məsuliyyətdən gedir. Aydın məsələdir ki, AŞPA-nın təhqiqat qrupu hüquqi hökm verə bilməz. O, məhkəmə və ya prokurorluq orqanı deyil. Elə onların verdiyi rəy də sırf mənəvi, siyasi xarakter daşıyır.

- Ölkənin adı korrupsiya qalmaqalında hallanır. Azərbaycan hakimiyyəti necə davranmalı, hansı addımı atmalıdır?

- Azərbaycan hakimiyyəti bu prosesin yalan olduğunu və ikili standartlara söykəndiyini iddia edirsə, yaxşı olar ki, özü bir araşdırma aparsın. O zaman ortaya daha sağlam, daha tutarlı mövqe qoyulmuş olar. Amma Azərbaycanın dövlət orqanları bunun üzərindən sükutla keçirlər.

S.Seyidov

Nə hüquq-mühafizə orqanları, nə də seçkili orqanlar tərəfindən bir addım atılır. Bu halda bütün məsuliyyət Azərbaycan nümayəndə heyətinin, parlamentarilərinin üzərində qalır. Bu, ilk növbədə siyasi hadisədir və mənəvi məsuliyyəti var. Belə bir hadisədən sonra yaxşı olardı ki, nümayəndə heyətinin tərkibi dəyişdirilsin. Yəni Azərbaycanı indiyədək bu qurumda təmsil edənlərin təmsilçilik məsələsinə yenidən baxılmalıdır. Ora yenidən kimlər düşər, kimlər düşməz, subyektiv qərar verməmək üçün, ən yaxşısı, Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsidir. O zaman nümayəndə heyətinin tərkibi daha ədalətli qaydada, daha qərəzsiz formalaşardı. Yeni seçkidən sonra parlamentə yeni simalar gələ bilər. Gerçəklik budur ki, Azərbaycanda gerçək müxalifətçilər nümayəndə heyətində təmsil olunmayıblar, parlamentin özünə də cəmiyyətdə etimad zəifdir. Ölkə miqyasında parlamentə etimad zəifdirsə, onun AŞPA-da etimad qazanması da çox çətindir. Yenə deyirəm, bu durumda ən yaxşı yol parlament seçkilərinə getmək və söz-söhbətlərə son qoymaqdır. Azərbaycan nümayəndə heyəti AŞPA-da yeni səhifə aça bilər.

- Bu, indiki məqamda nə qədər realdır?

- Təbii ki, bu cür qərar üçün siyasi iradə yoxdur. Hərçənd bu faktdır ki, Azərbaycan nümayəndə heyətinin nüfuzu ciddi şəkildə zədələnib.

- Deputat, nümayəndə heyətinin üzvü Asim Mollazadənin sözlərinə görə, Səməd Seyidovla bağlı sübut tapılmasa da, onun cəzalandırılmasına qərar verilib. Bu mümkündürmü?

- Bizim tərəf bir məqamı unudur. Bəli, Elxan Süleymanovla Müslüm Məmmədova daha ciddi ittihamlar var, Səməd Seyidovla bağlı isə yox. Amma Səməd Seyidov nümayəndə heyətinin rəhbəridir, axı. O, baş verənlərdən xəbərdar olub. Heç kim iddia etmir ki, Səməd Seyidov aparıb kiməsə pul verib, amma Elxan Süleymanovun yazışmaları var, axı. Bu, onlara da təqdim olunub. Elxan Süleymanov kimi Asim Mollazadə də nümayəndə heyətinin üzvüdür, Rafael Hüseynov da, Sabir Hacıyev də, Fazil Mustafa da. Amma bunların adları hallanmır. Onlar subyektiv olsaydılar, yalandan Asimin də adını ora salardılar, Fazilin də... Kimlər barədə ittiham varsa, kimlər barədə ifadə verilibsə, onların adları salınıb. Bu da Elxan Süleymanovla Müslüm Məmmədovdur. Sual olunur, bütün bunlardan Səməd Seyidovun xəbəri yox idimi? İkincisi, Seyidovun (AŞPA-nın keçmiş prezidenti, ispaniyalı deputat) Pedro Aqramuntla ciddi təmasları var. Amma heç kim iddia etmir ki, onun Aqramuntla təmasları konkret rüşvət üzərində qurulub. Sadəcə, Səməd Seyidov Azərbaycanı təmsil edən nümayəndə heyətinin başçısıdır. Ehtimal budur ki, o, bütün bu danışıqlarda iştirak edib, xəbərdar olub, amma fəaliyyəti ilə bağlı ortada fakt yoxdur. Ancaq digər adıçəkilən iki deputatla bağlı fakt var. Heç kim də Səməd Seyidovun bütün bunlardan xəbərdar olmasından şübhə etmir. Başçının xəbəri olmadan necə sövdələşmə aparmaq, rüşvət vermək olar? Bu, doğrusu, heç kimə inandırıcı gəlmir.

A.Mollazadə

"Parlament seçkilərinə ehtiyac yoxdur"

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə qurumun məlum qərarı haqda belə deyir.

O, S.Seyidova sanksiya qoyulmasını isə «Azərbaycanla bağlı qeyri-səmimi qərar» kimi dəyərləndirir: «Korrupsiya araşdırmaları tamam başqa hadisəylə bağlıydı. Burda başqa, nüfuzlu bir ölkənin – Rusiyanın adı hallanırdı. Məhz bu ölkədən diqqəti yayındırmaq üçün Azərbaycan hədəf seçildi. Ona qarşı təzyiqlər başladı. Mətnə də baxa bilərsiniz, orda deyilir ki, Səməd Seyidovla bağlı qanun pozuntusu aşkar edilməyib, onunla bağlı şübhələr yoxdur, amma biz onu cəzalandırmaq qərarına gəldik. Bu, çox qəribədir. Tam aydındır ki, Azərbaycana qarşı informasiya müharibəsində belə qərar verildi. Çox təəssüf ki, Avropa Şurasına təsir imkanına malik olan ölkələr araşdırmadan kənarda qaldı. Müzakirələrdə britaniyalı, ukraynalı, gürcüstanlı nümayəndələr diqqəti buna cəlb etmək istəsələr də, nəticəyə nail ola bilmədilər. Mənə elə gəlir, Avropa Şurasının rəhbərliyində çox maraqlı və xoşagəlməz proseslər gedir».

Amma bununla belə, o, Azərbaycanın Avropa Şurasında işini davam etdirəcəyini, bu qurumun həqiqətləri çatdırmaq üçün gözəl platforma, informasiya müharibəsində bir cəbhə olduğunu söyləyir.///azadliq.org