Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı 65 faiz artırılır

Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı 65 faiz artırılır

15-02-2019 15:22 / Bu xəbər 1434 dəfə oxundu

Kamran Əsədov: ''Son 5 ildə 7 mindən çox tələbə ödəniş edə bilmədiyi üçün təhsili yarımçıq qoyub''

"2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərin sayı 20 min 500-ə qədər artırılması planlaşdırılır”.

"Report” xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

O deyib ki, bununla bağlı sənəd Nazirlər Kabinetinə təqdim edilib və təsdiq olunma mərhələsindədir.

Nazir bildirib ki, ötən il dövlət sifarişli yerlərin sayı 12 min 324 olub: "Bir il ərzində dövlət sifarişli yerlərdə 65 faizdən artıq artım görürük. Hesab edirik ki, növbəti illərdə də müsbət tendensiya davam edəcək”.

Onun sözlərinə görə, yalnız növbəti ilin proqnoz yerlərindən danışılırsa, dövlət sifarişli yerlərin sayı 42 faiz müəyyən edilib:

"2018-2019-cu tədris ili üçün bu rəqəm 30 faizdən az idi. Bu da bir il ərzində əlavə sifarişli yerlərin olması deməkdir. Məqsəd dövlət vəsaiti hesabına təhsilin müxtəlif istiqamətlərində gənclərə ali təhsil imkanının verilməsi və bunun genişləndirilməsidir”.

Təhsil üzrə ekspert Kamran Əsədov bu qərarın mətbuatın ödənişli təhsillə bağlı məsələni gündəmdə saxlamasının nəticəsi kimi dəyərləndirir.

K.Əsədov Meydan TV-yə deyib ki, bakalavr pilləsində təhsil alan 164 min tələbənin 31 faizi ödənişsiz, 69 faizi ödənişli əsaslarla oxuyur: "Həm də təhsil haqqı olduqca yüksəkdir və dünya standartlarına uyğun gəlmir. Vətəndaşın gəlirlərindən yuxarıdır”.

Kamran Əsədov

Ekspert bildirib ki, 2018-19-cu il tədris ilində ali məktəblərə 45 minə yaxın plan yeri vardı, bunun 12 mini pulsuz, 33 mini ödənişli idi. Bu, ali təhsilin insanlar üçün əlçatımlı olmadığını göstərir: "Ölkə prezidentinin qərarı ilə 2013-cü ildə təhsilin inkişafı ilə bağlı strateji sənəd hazırlanıb. Əsas istiqamət təhsilin əhatə dairəsinin genişlənməsi idi. Amma baha təhsil haqları ilə əlçatımlılığın təminatı mümkünsüz idi. Prezidentin fevralın 14-də imzaladığı sərəncama görə 2019-2020-ci il qəbul ilində rəqəm 31 faizdən 45 faizə çatdırıldı. Yəni keçən il 12 min tələbə pulsuz təhsil alırdısa, bu il 21 min, 45 faiz olacaq. Gələn il 50 faizə çatacaq”.

Kamran Əsədov xatərladıb ki, son 5 ildə 7 mindən çox tələbə ödəniş edə bilmədiyi üçün təhsili yarımçıq qoyub. 

Onun sözlərinə görə, bu, təhsilli işçi qüvvəsinin itirilməsi deməkdir: "Ona görə ödənişsiz təhsil yerlərinin sayını artırmaqla insanları təhsilə cəlb etmək olacaq. Hazırda Azərbaycanda 10 milyon vətəndaşın cəmi 17 faizi ali təhsillidir, hər min nəfərdən 124 nəfəri. Bu isə dünya standartlarından aşağıdır”.