Abel Məhərrəmovun səfir oğlu Şuşanın işgalı günü bayram tədbiri keçirir

Abel Məhərrəmovun səfir oğlu Şuşanın işgalı günü bayram tədbiri keçirir

04-05-2018 10:48 / Bu xəbər 3084 dəfə oxundu

İspaniyada nümayiş ediləcək filmin layihə rəhbəri Arzu Əliyevadır

Azərbaycanın İspaniyadakı səfirliyi mayın 8-də - Şuşanın işğalı günündə paytaxt Madriddə keçiriləcək bir tədbirlə bağlı elan yayıb. 

Tədbirin Dağlıq Qarabağ probleminə, Şuşanın işğalına heç bir aidiyyəti yoxdur. Söhbət 9 may – Qələbə bayramı münasibətilə nəzərdə tutulan tədbirdən gedir.

"08.05.2018-ci il tarixində Madrid şəhərində "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?” adlı sənədli filmin ispan dilində nümayişi keçiriləcək.
Fulmin çəkilişləri Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış "Clarke Costelle&Co” (CC&C) prodakşn şirkəti tərəfindən aparılıb.

Film Azərbaycan xalqının və onun ən böyük sərvəti olan neftin faşizm üzərində qələbədəki rolundan bəhs edir.

Hər birinizi sözügedən filmin nümayişində görməkdən məmnun olarıq!”, - səfirliyin elanı belədir.

Film Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilib. Layihə rəhbəri prezident İlham Əliyevin qızı Arzu Əliyevadır.

Səfirliyin saytında və sosial şəbəkələrdəki səhifələrində Şuşanın işğalı günü keçirilməsi nəzərdə tutulan başqa heç bir tədbirin elanı yoxdur.

Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmovdur. 

2016-cı ilin aprelindən bu vəzifəni tutan Anar Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun oğludur.

Meydan TV səfirliklə əlaqə saxlamağa çalışsa da, bu barədə hər hansı məlumat əldə edə bilməyib. 

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən də şərh almaq mümkün olmayıb.