Abbas Lisaninin xanımı: Hakim ''qorxmayın, cənazəsini sizə verəcəyik'' dedi

Abbas Lisaninin xanımı: Hakim ''qorxmayın, cənazəsini sizə verəcəyik'' dedi

08-02-2019 14:31 / Bu xəbər 1229 dəfə oxundu

İranda yaşayan azərbaycanlı fəaldan 24 gündür xəbər yoxdur

İranda yaşayan azərbaycanlı fəal Abbas Lisanidən 24 gündür xəbər yoxdur. Ailəsi onun başına nə gəldiyini bilmir, səhhətinə görə narahatdır. 

Bu haqda AzadlıqRadiosuna onun həyat yoldaşı Rüqəyya Lisani bildirib.

Deyib ki, Ərdəbilin İnqilab Məhkəməsi İranın Kəşfiyyat və İnformasiya İşləri üzrə Nazirliyinin (ETTELAAT) göstərişi ilə hərəkət edir: "Abbas Lisaninin oğurlanmasının 23-cü günü Ərdəbil Məhkəməsinə müraciət etdim. Hakimlə görüşdüm, ondan Abbasın vəziyyətini soruşdum. Mənə məsuliyyətsiz cavab verildi. Hakim bildirdi ki, heç qorxmayın, onun cənazəsini sizə təhvil verəcəyik!”

Rüqəyyə Əlizadə vəkilinin də Abbas Lisani ilə görüşə buraxılmadığını söyləyib: "Dostları da qalıb belə, bilmirik neyləyək. Bizə heç nə demirlər. Yəni günahı nədir, niyə tutulub, haradadır, bilmirik. Rəhmətlik Həsən Dəmirçinin qəbrinin üstündə çıxış etmişdi, 10 ay həbs vermişdilər. Onunla bağlı məhkəməyə getmişdi. Oradan tutub aparıblar. Bu dəfə başqa bir səbəblə həbs ediblər. Bilmirik, ittiham nədir. Təbrizə getdim, dedilər, Ərdəbildədir. Ərdəbil boynuna alıb ki, burdadır, ancaq dedilər, ETTELAT-ın əlindədir, zindana göndərilməyib. Zindana göndərilsə, yaxşıdır, heç olmasa, telefonla danışa, həftədə bir dəfə uşaqlarla gedib görə bilərdik”.

Abbas Lisaninin yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsində mühakimə olunduqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb, ETTELAT-a təhvil verildiyi deyilir.

Onun hazırda Ərdəbil zindanının karantin bölümündə saxlandığı bildirilir. Fəal saxlandığı gündən onunla bağlı məlumat verilmir, sadəcə Təbriz Məhkəməsində saxlandıqdan sonra Ərdəbilə intiqal edildiyi deyilib. Fəal kimsə ilə görüşdürülmür, o, ailəsi ilə telefon əlaqəsi də saxlaya bilmir.

Fəalın azadlığa buraxılması tələbi ilə "Mən də Abbas Lisaniyəm” adlı kampaniya keçirilir. İnternetdə keçirilən kampaniyaya yüzlərlə azərbaycanlı fəal qoşulub.