İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

20-01-2018 15:54 / Bu xəbər 2186 dəfə oxundu

Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib.

AzərTAC-ın xəbərinə görə, dövlət başçısı 20 yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb.

Prezident daha sonra "Əbədi məşəl” kompleksi önünə əklil qoyub. 

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri, deputatlar, diplomatik korpusun təmsilçiləri də Şəhidlər Xiyabanını ziyarət ediblər.

1990-cı il yanvarın 20-də baş verən hadisələrin 28-ci ildönümü ilə əlaqədar səhər saatlarından o vaxt Bakıda həlak olan insanların məzarlarının ziyarəti başlayıb.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. 

Hadisə nəticəsində 137 nəfər həlak olub, 744 nəfər yaralanıb, 1000-ə yaxın şəxs həbs edilib.

1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.