''15 sentyabrı başa düşdük, 15 iyun nə deməkdir?''

''15 sentyabrı başa düşdük, 15 iyun nə deməkdir?''

12-06-2018 18:57 / Bu xəbər 3266 dəfə oxundu

Deputat dərslərin gec bitməsinə etiraz etdi

"Əvvəllər dərslər sentyabrın 1- i başlayıb, mayın axırında bitirdi. Bu da cəhənnəmə olsun. Dərslərin 15 iyunda başa çatması nə deməkdir? Məktəbdə bu uşaqları niyə süründürürlər? Bu nə deməkdir?"

Bunu deputat Aqil Abbas Milli Məclisin növbədənkənar iclasında deyib.

O, bir neçə il əvvəl Azərbaycanda tətbiq edilən Boloniya təhsil sistemini tənqid edib: "Desəm öldürməyəcəklər, deməsəm də biraz pis oluram. Biz vaxtilə mənfur Sovet sistemində oxumuşuq. Həmin sistemdən Xudu Məmmədov, məşhur fizik Arif Babayev kimi alimlərimiz çıxıb. Nə qədər adam adı çəkərəm. Bir neçə il bundan öncə isə Boloniya sisteminə keçirildi. Bu təhsil sisteminin o qədər başına oyun açırlar ki, özləri də bilmirlər. Oyun gedir və hələ də gedəcək”.

O, Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyliyə müraciət edib: "İsa müəllim, bundan danışın e, bu gün hər kəs deyir ki, 1-ci sinifə gedən uşağın çantasının çəkisi 7 kiloqramdır "Ştanqist" yetişdirirlər? 15 sentyabrı başa düşdük. 15 iyun nə deməkdir? Çox xahiş edirəm ki, bu məsələni qaldırsınlar. Bir də bu 7 kq-lıq çanta məsələsinə baxılsın. Ona görə uşaq məktəbə gedəndə ata-anası onu aparır. Bildiyimiz kimi, yeni təhsil naziri təyin olunub. Təzə nazir də gəlib deyəcək ki, dərslər iyunun 30-na qədər olsun. Xahiş edirəm, bu qaldırdığım məsələlərə baxılsın”.///Meydan.tv